Rusiyanın “AvtoVAZ” SC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə start verib, 2024-cü ildə 1,5 min avtomobil istehsalını planlaşdırır.
Azərbaycanda "Lada"ların yığılması başlandı
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat verib.
Məlumatda deyilir ki, Azərbaycanda istehsal sahələrindən birində maşın dəstlərinin qəbulu zonası, yığma sexi və hazır avtomobillərin dayanacağı təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülmüş heyətə Tolyatti mütəxəssisləri təlim keçib.
“AvtoVAZ”ın prezidenti Maksim Sokolov qeyd edib ki, Azərbaycanda Lada istehsal sahəsi artıq bu il 1,5 minə qədər avtomobil istehsal edə bilər.
"Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva – Legend” və “Travel”, həmçinin “Vesta” ilə lokal buraxılış qammasını genişləndirməyi planlaşdırırıq. Sınaq nümunələri artıq toplanıb və keyfiyyət auditindən keçir. Bir neçə il perspektivdə illik istehsal həcmi 4-5 minə qədər avtomobilə çata bilər", - “AvtoVAZ"ın mətbuat xidməti Sokolovun sözlərindən sitat gətirir.
O əlavə edib ki, Azərbaycanda yerli istehsalın açılışı “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmasına və brendin mövcudluğunu artırmasına kömək edəcək. (İnterfaks-Azərbaycan)