“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
FED.az-ın məlumatına görə, bunun bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar gələn ilin fevralın 1-dən qüvvəyə minəcək.
Texniki baxış zamanı vətəndaşlardan tələb olunacaq rüsumlar aşağıdakı kimidir:
İstehsal ili 1-10 il olan avtomobillər - 10 manat;
İstehsal ili 11-21 il olan avtomobillər - 20 manat;
İstehsal ili 21-31 il olan avtomobillər - 30 manat;
İstehsal ili 31 ildən yuxarı olanlar avtomobillər - 40 manat;
Qeyd edək ki, bu rüsumun Daxili İşlər Nazirliyinə və ya yol polisinə heç bir aidiyyatı yoxdur. Rüsumlar Utilizasiya Fonduna toplanacaq. Vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul fonda yığılan vəsaitdən ayrılacaq. Yəni sürücülərin texniki baxış zamanı ödəyəcəkləri rüsum Utilizasiya Fonduna yığılacaq və oradan da köhnə maşını təhvil verənlərə paylanacaq.