Azərbaycanda avtomobillə sərnişin və yük daşıyanlara fərqlənmə nişanlarının verilməsi qaydaları dəyişib.
Eləcə də bax: Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin Nəzərinə
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a bildirilib ki, yeni qaydalara qədər «Fərqlənmə nişanı» vergiödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi.
Xatırladaq ki, avtomobillə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyiciləri (Bakı daxilində fəaliyyət göstərən avtobuslar və taksilər istisna olmaqla) «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alırlar.
Belə şəxslər hər avtomobil üçüq təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.
Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla regionlardakı avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət etməlidir. Bu zaman ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir.
İlkin mərhələdə vergi ödəyicisi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birinci mərtəbəsində yerləşən “Azərpoçt”un “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdır.
Növbəti mərhələdə sərnişindaşıma ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs avtomobilinin şəhadətnaməsini təqdim edərək göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir.
Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.
Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. İki iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.
Qeyd edək ki, prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam olunub.