Siz etibarnamə ilə avtomobil alırsınız, bankda kreditlə avtomobil götürürsünüz, yaxın bir adamınızın kreditə olan avtomobilini alırsınız və bu kimi bir neçə avtomobil əldə etmək üçün versiyalar mövcuddur. Lakin bunların hər birində siz avtomobilinizi itirə bilərsiniz.
Eləcə də bax: General Motors 5 zavodunu bağlayır
1. Etibarnamə ilə avtomobil əldə edilməsi.
Dəfələrlə sürücülərə avtomobil əldə edərkən bu prosesi alqı-satqı müqaviləsi ilə etməli olduğunu xatırladırıq. Lakin, işi tez bitirmək xatirinə sürücülər etibarnamə alır və daha sonra isə problem yaşayırlar. İlk olaraq onu deyək ki, etibarnamə ilə avtomobil əldə etdikdə bu avtomobil sizə məxsus olmur. Daşınar əmlaka (avtomobilə) verilən bütün hüququların etibarnaməsi 1 il ərzində qüvvədə olur. Sürmək üçün verilən etibarnamə isə istənilən müddətə verilir. Sürücülər adətən 1 illik etibarnamə alıb onu öz adlarına qeydiyyata almaq barəsində düşünürlər. Amma 1 il ərzində çox şey ola bilər.
- Etibarnamə verən şəxs vəfat edə bilər.
- Etibarnamə verən şəxs boşana bilər.
- Etibarnamə verən şəxs etibarnaməni ləğv edə bilər.
Bütün bunlar etibarnamənin qüvvədən düşməsi üçün səbəblərdir. Və bu səbəblərdən biri baş verdikdə, avtomobilinizi unuda bilərsiniz. Amma burada bir yanlışı da biz etdik. Əslində bu sizin avtomobiliniz deyil. Axı qeydiyyat şəhadətnaməsində sizin adınız yazılmayıb. Özünüz öz adınıza etibarnamə ilə avtomobili qeydiyyata aldıra bilməzsiniz. Ona görə, avtomobil əldə edərkən mütləq onu alqı-satqı müqaviləsi ilə rəsmiləşdirin.
2. Kreditdə olan avtomobilin əldə edilməsi.
Qarşılaşdığım əsas problemlərdən biri. Avtomobil ucuza gəlsin deyə, kreditdə olan avtomobil alınır. Sürmək üçün ertibarnamə götürülür, avtomobili alan şəxs krediti olanın yerinə banka pul ödəyir. Burada sistem sizin əleyhinizə necə çalışa bilər ? Siz yenə də avtomobil sahibi deyilsiniz. Kredit müaviləsində sizin adınız qeyd edilməyib. Siz banka borcu olanın yerinə pul ödəyirsiniz. Kredit bitdikdən sonra isə etibarnamə verən şəxslə birgə gərək DYP-ə gedib orada avtomobilin qeydiyyat prosesini bitirəsiniz. Amma 2-3 il ərzində həmin vətəndaşın harada olacağı bilinmir. O qədər xaricə köçən, yerini dəyişən şəxslər var ki... Siz krediti ödəyib bitirdikdən sonra, avtomobilin əsl sahibi olmadan qeydiyyat apara bilməyəcəksiniz. Aranızda heç bir yazılı sənəd olmadığına görə, siz sadəcə həmin şəxsin yerinə kredit ödəmiş xeyirxah bir şəxs kimi tarixə düşəcəksiniz. Ona görə, kreditdə olan avtomobili əldə edərkən, mütləq kredit müqaviləsini öz adınıza rəsmiləşdirin. Əgər bu cür etmək mümkün deyilsə, o zaman belə bir avtomobili almayın. Siz krediti ödədikdən sonra, o, sizə verdiyi sürmək üçün etibarnaməni ləğv edə bilər və siz pul ödəyərək avtomobilsiz qala bilərsiniz.
3. Banka borcu olan şəxsin avtomobilinin əldə edilməsi.
Bu da etibarnamə ilə bağlı olan məsələdir. Adətən avtomobil bazarında "əlimyandı" satılan avtomobillər var. Şəxs borcunu qaytarmaq üçün, təcili pul lazım oldğundan dolayı, avtomobilini satdığını bildirir. Adətən belə avtomobillər banka kredit borcu olan şəxs tərəfindən satılır. Və bu sizə çox əlverişli bir ticarət kimi görünür. 1 illik etibarnamə alıb, sonra istədiyin (1 il ərzində) zaman avtomobili adına keçirə biləcəyinizi düşünürsən. Bankda girovda olan avtomobilin qeydiyyatına məhdudiyyət olduğuna görə, təbii olaraq sizin bundan xəbəriniz olmur. Və borclu sizdən pulu götürür, banka: "avtomobilimi götürün borcu bağlayın" deyir və sizdən götürdüyü pulu istədiyi formada xərcləyir. Bir gün isə sizi yolda saxlayıb avtomobili cərimə meydançasına aparırlar. Borclunun banka olan borcu tam qapanana qədər siz bu avtomobilə yaxın belə dura bilməzsiniz. Adətən belə avtomobillər bank tərəfindən satışa çıxarılır. Siz isə pul ödədiyinizi alqı-satqı müqaviləsi olmadığına görə, sübut edə bilmirsiniz.
Ona görə, avtomobil almaq istəyirsinizsə, mütləq satan şəxslə alqı-satqı müqaviləsi bağlayın. 100 manat qeydiyyata pul ödəməkdə simiclik etdiyiniz zaman, əvəzində minlərlə manat pul itirə bilərsiniz. (Avtostop)