Koronavirus pandemiyasına görə bu ilin əvvəlindən daha da sürətlənən çip böhranında sentyabr ayından yeni dalğa yaşanır.
Eləcə də bax: Dünya avtomobil istehsalının bərpa olunacağı müddət - Açıqlanıb
FED.az xəbər verir ki, bir sıra iri istehsalçılar yenidən istehsal həcmini azaltmağa məcbur olub.
ABŞ-ın ən iri istehsalçılarındna olan Ford dünən bir sıra modellərin buraxılmasında ləngimələrin olacağı anonsunu verib. Belə ki, Kanzasdakı F-150 pikaplarının yığılma zavodunda işlərin dayandırılması növbəti həftə də davam edəcək. Miçiqandakı zavodun isə 3 növbəsindən cəmi 1-i işləyəcək.
Həmçinin, Kentukkidəki Super Duty pikapları və Expedition və Navigator SUV-ları buraxan zavod sentyabrın 6-dan 19-a qədər növbələrin həcmini minimuma salacaq.
Elektromobil bazarının lideri Tesla-nın rəhbəri Elon Mask dünən Tvitter hesabında yarımkeçirici çiplərin təchizatındakı ləngiməyə görə yeni Roadster modelinin yalnız 2023-cü ilin əvvəlində istifadəyə verilə biləcəyini açıqlayıb.
Çinin iri elektrikli avtomobil istehsalçıları da çip böhranından əziyyət çəkir. Nio şirkəti iyuldakı 7931 ədəd müqabilində avqustda cəmi 5880 elektromobil təchiz etdiyini bildirib. Digər bir istehsalçı Xpeng isə müştərilərə iyul ayında 8040 ədəd, avqustda bundan az - 7212 avtomobil çatdırdığını açıqlayıb. (Marja)