Ötən həftə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ümumi toplantısı baş tutdu.
Eləcə də bax: Azərbaycandakı avtomobillərin 77%-nin yaşı 10 ildən yuxarıdır - HƏYƏCAN TƏBİLİ
FED.az xəbər verir ki, toplantının gündəliyinə əsasən 2022-ci ilin ilk üç rübündə təşkilatın fəaliyyəti barədə İdarə Heyətinin sədri Natiq Zərbəliyevin qısa hesabatı dinlənildi.
Hesabatda qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yol hərəkətinin təhlükəsizliyinə, ekoloji mühitin sağlamlaşmasına yönəlmiş dövlət proqramları çərşivəsində rəsmi avtomobil idxalçıları ölkə avtoparkının cavanlaşması, müasir, təhlükəsiz və ekoloji nəqliyyat vasitələrinin idxalı üzrə səylərini davam etdirirlər. AADA ölkə avtomobil sektorunun inkişafı naminə davamlı olaraq, araşdırmalar aparır, xarici ölkələrin təcrübəsini öyrənir və müxtəlif təkliflrələ müvafiq dövlət qurumlarına müraciətlər edir. Cari ildə assosiasiya dünya və yerli avtomobil istehsalatının ən müasir nümunələrini təşviq etmək üçün çoxsaylı tədbirlər də həyata keçirmişdir. Bakı-Mingəçevir marşrutu ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşü, məktəblilər arasında «Gələcəyin avtomobili» mövzusunda rəsm müsabiqəsi, Qəbələ şəhərində keçirilmiş «Qafqaz Motor-Şou» avtomobil sərgisi buna misal ola bilər.
Toplantı gündəliyinin ikinci bəndinə uyğun olaraq, AADA üzvləri ölkəmizdə sivil avtomobil bazarının inkişafına təsir edə biləcək bir sıra yeni təkliflər irəli sürdülər. Əsasən bu təkliflər dünya praktikasında geniş inkişaf etmiş avto-lizinq maliyyə aləti və sivil ikinci əl bazarı kimi sahələri əhatə edir. Eyni zamanda qeyd olundu ki, hazırda regionda yaranmış qeo-siyasi reallıqlar, ölkəmizin gündən-günə yüksələn beynəlxalq nüfuzu və unikal coğrafi mövqeyi Azərbaycanın yaxın ölkələr üçün yeni və işlənmiş avtomobillərin reeksport düyününə çevrilmə perspektivini cəlbedici edir. İştirakçılar bu və digər mövzuların əsaslı araşdırmaları üçün idarə heyətinə tapşırıqlar verdilər.
Toplantınn sonunda assosiasiyanın rəhbər orqanlarında dəyişiklilər edildi. Belə ki, AADA İdarə Heyətinə, Nəzarət Təftiş Komissiasyına yeni üzvlər seçildi və sədrin təqdimatı ilə assosiasiyaya İcraçı direktor təyin edildi. Ənənəyə uyğun olaraq, ümumi toplantı çay süfrəsi ətrafında qeyri formal ünsiyyətlə yekunlaşdı.