2021-ci ildə Avropa İttifaqında (Aİ) benzinlə işləyən avtomobillərin satışı 17,8 faiz azalıb, hibrid avtomobillərin bazar payı isə 37,6 faizə yüksəlib.
Eləcə də bax: Hibrid avtomobillər Azərbaycan bazarında sürətlə yayılır – 2,5 DƏFƏ ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb. Məlumata görə, Avropada hibrid və elektrikli avtomobillərin sayı 3 milyon 646 mini keçib.
Keçən il Aİ ölkələrində satılan avtomobillərin 40 faizi benzin, 19,6 faizi dizel, 19,6 faizi hibrid, 9,1 faizi elektrik, qalanları isə digər alternativ yanacaq növlərinə aid olub. 2020-ci ildə Aİ ölkələrində 4 milyon 724 min 417 ədəd olan benzinlə işləyən avtomobillərin satışı keçən il 17,8 faiz azalaraq 3 milyon 885 min 432 ədədə enib. Ötən il dizellə işləyən avtomobillərinin satışı 2020-ci ilə nisbətən (2 milyon 776 min 665 ədəd) 31,5 faiz azalaraq 1 milyon 901 min 191-ə düşüb.
2020-ci ildə 1 milyon 184 min 526 ədəd olan hibrid avtomobillərin satışı keçən il 1 milyon 901 min 239 ədədə yüksəlib. Elektrikli avtomobillərin satışı 2020-ci ildə 538 min 734 ədəd olduğu halda, ötən il 63,1 faiz artaraq 878 min 432 ədəd təşkil edib. Beləliklə 2020-ci ildə 22,4 faiz olan elektrikli və hibrid avtomobillərin ümumi satışlardakı payı keçən il 37,6 faizə yüksəlib.