Avropa Birliyində (AB) Çin elektrikli nəqliyyat vasitələrinə vergi səsverməsi fikir ayrılıqlarının kölgəsində keçib.
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Daşınma ilə deyil, sürülərək gətirilir - VİDEO
FED.az xəbər verir ki, Avropa Birliyində Çin istehsalı elektrik nəqliyyat vasitələrinə vergi tətbiqi ilə bağlı keçirilən səsvermə fikir ayrılıqları ilə müşayiət olunub. Verginin tətbiqinə Bolqarıstan, Danimarka, Estoniya, Fransa, İrlandiya, İtaliya, Latviya, Litva, Hollandiya və Polşa səs verərək dəstək göstərib.
Lakin qitənin ən güclü iqtisadiyyatı olan Almaniyanın bu qərarın əleyhinə səs verməsi xüsusi diqqət çəkib. Almaniya ilə birlikdə Macarıstan, Malta, Slovakiya və Sloveniya da qanun layihəsinə qarşı çıxıb.
Digər tərəfdən, Avstriya, Belçika, Xorvatiya, Kipr, Çexiya, Finlandiya, Yunanıstan, Lüksemburq, Portuqaliya, Rumıniya, İspaniya və İsveç bitərəf qalıb.
Bu qərarın Çinlə ticarət əlaqələrində gərginlik yarada biləcəyi proqnozlaşdırılır. Avropa Birliyinin qərarı, Çinin sənayesini qeyri-ədalətli subsidiya ilə dəstəklədiyini sübut edən bir araşdırmanın nəticəsi əsasında qəbul edilib.
Keçən il AB və Çin arasında ticarət dövriyyəsi 739 milyard avroya çatıb. Yeni qaydalara əsasən, Çində istehsal edilən Tesla modellərinə 7,8%, BYD modellərinə 17%, Geely avtomobillərinə isə 18,8% əlavə vergi tətbiq olunacaq. Araşdırmada əməkdaşlıq edən, lakin siyahıda göstərilməyən istehsalçılar üçün bu rəqəm 20,7%, SAIC və digər əməkdaşlıq etməyən şirkətlər üçün isə 35,3%-ə qədər olacaq. Vergilər hazırkı 10%-lik dərəcəyə əlavə olunacaq və noyabr ayının əvvəlində vergilərin 45%-ə qədər yüksəldilməsi gözlənilir.