Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 16-sı və 23-də özəlləşdirmə hərracları keçiriləcək.
Xidmətdən FED.az-a bildirilib ki, avqustun 16-da keçiriləcək hərraca 26 nəqliyyat vasitəsi, avqustun 23-də təşkil olunacaq hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kənd təsərrüfatı, ticarət, xidmət, tikinti materiallarının istehsalı və digər təyinatlı obyektlər vardır. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır.
Ən yüksək ilkin start qiyməti “B.Sərdarov adına maşınqayırma zavodu” MMC-yə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 milyon 61 min manat təşkil edir, bunun 1 milyon 692 min 75 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 milyon 368 min 925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58 min 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 min 787 kvadratmetrdir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.
Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış ola bilərsiniz: ( https://bit.ly/3mmNVpB )