ABŞ-ın elektrik avtomobili istehsalçısı Tesla, Berlin yaxınlığında yerləşən zavodunun gücünü artırmaq yolunda mühüm addım atdı.
İlon Mask robot taksisini təqdim etdi
FED.az xəbər verir ki, Reuters-in məlumatına görə, Almaniyanın ətraf mühit nazirliyi zavodda daha bir böyük emalatxananın tikintisinə icazə verib.
Bu təsdiq Tesla-ya anbar infrastrukturu, akkumulyator sınaq laboratoriyası və logistika sahələri də daxil olmaqla genişləndirmə layihəsinin ilk mərhələsinə başlamasına şərait yaradır. Nazirliyin bildirdiyinə görə, bütün tikinti işləri zavoda aid torpaqlarda aparılacaq.
Tesla, 2022-ci ildən fəaliyyət göstərən zavodunun illik istehsal gücünü 500.000 avtomobildən 1 milyona çatdırmağı planlaşdırır. Bu genişlənmə zavodu Almaniyanın ən böyük avtomobil istehsal sahəsinə çevirəcək və Volkswagen-in Volfsburqdakı baş qərargahını geridə qoyacaq. Lakin Tesla bu plana yerli icmalar və ətraf mühit fəalları tərəfindən sərt müxalifətlə üzləşir. Zavodun yaxınlığındakı meşəlik ərazidə yaşayan fəallar, genişlənməyə etiraz olaraq altı aydan çoxdur ki, çadırlar qurublar və bu ilin əvvəlində sakinlər ağacların kəsilməsinə qarşı çıxıblar.
Tesla-nın genişlənmə planına uyğun olaraq, ilk dəyişikliklərin 2024-cü ilin birinci yarısında qüvvəyə minməsi gözlənilir. Lakin zavod direktoru Andre Thierig, avqust ayında verdiyi açıqlamada, Avropada elektromobillərə tələbatın yenidən artacağına dair əminlik yaranana qədər investisiyaların gecikdiriləcəyini qeyd edib. (Trend)