Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.
Hava limanı ərazisində taksi şirkətlərinə qadağa qoyulub? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Xəbərdarlığın "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.
Sorğu apardığımız zaman bəzi taksi sürücüləri bildirdilər ki, bu xəbəri eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı "London taksi"lərinə üstünlüyün verilməsi ola bilər.
Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.
Məsələ ilə bağlı "Bolt" və "Uber" daşıyıcı şirkətləri ilə əlaqə saxladıq.
"Bolt"dan “Xəzər Xəbər”ə bildirildi ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər.
"Uber"dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlandı.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə də əlaqə saxladıq. Bildirildi ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: “Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”.