Xəbər verildiyi kimi, bir neçə gün əvvəldən etibarən Bakı şəhərində 77 seriyası ilə başlayan avtomobil nömrələrinin verilməsinə başlanılıb. Artıq belə seriyalı nömrələr almış ilk avtomobillər paytaxtın küçələrində görünməkdədir.
“77” seriyalı nömrələrə keçid və belə nömrələrin satışı Azərbaycanın yol polisinin indiyədək qoruyub saxladığı ənənələrə uyğun olaraq – tam informasiya qıtlığı və sonradan elan edilməklə başlayıb. Əhaliyə bu barədə rəsmi məlumat veriləndə artıq həmin nömrəli avtomobillər küçələrdə görünürdü.
22 manatlıq nömrə necə 10 000 manata satılır? - BÜDCƏ ÜÇÜN YENİ MƏNBƏ
Avtomobil nömrələrində «77» seriyasının açılması bu sahənin həvəskarları üçün daha bir məqamla maraqlıdır. Belə nömrə ilə başlayan rəqəm kombinasiyaları cəlbedici görünüşə malikdir və bahalı nömrə arzusunda olanların diqqətini cəlb edir. Belə nömrələri baha qiymətə almaq istəyənlər kifayət qədərdir.
Bunu, eləcə də, indiyədək belə nömrələrin qanunsuz və qeyri-şəffaf şəkildə satıldığını nəzərə alaraq FED.az təklif edir ki, «77» seriyası ilə başlayan avtomobil nömrələrinin satışı «ASAN Xidmət» tərəfindən həyata keçirilsin və əldə olunan vəsait şəhid ailələri və müharibə qazilərinə dəstək üçün yaradılmış «Yaşat Fondu»na köçürülsün.
Bu seriya ilə başlayanlar arasında xüsusilə cəlbedici kombinasiyaya malik olan nömrələrin siyahısı tutulsun və onların satışı rəqabətli şəkildə – hərrac yolu ilə həyata keçirilsin.
Yeri gəlmişkən, bu hərracı onlayn etməklə iştirakçıların sayını artırmaq və satışdan dəfələrlə böyük məbləğ əldə etmək mümkündür.
Hərraclar isə Dövlət Əmlak Xidmətinin tabeliyində olan Hərrac Mərkəzində təşkil edilə bilər. Burada hərracların həm fiziki, həm də onlayn şəkildə keçirilməsi üçün ən müasir şərait yaradılıb və bütün texniki imkanlar mövcuddur.
Avtomobil nömrələrinin hərrac yolu ilə şəffaf şəkildə satılması birdən-birə bir neçə məsələni həll etməyə imkan verəcək.
Birincisi, ölkədə qayğıya ehtiyacı olan minlərlə gənc və şəhid ailəsinə dəstək verən «Yaşat Fondu» üçün daimi maliyyə mənbələrinə ehtiyac var. Bahalı avtomobil nömrələrinin satışı bu mənbələrdən biri kimi daim mövcud olacaq. Yəni bundan sonra da istənilən seriyada cəlbedici avtomobil nömrələri bu üsulla satıla bilər.
FED.az-ın təqribi hesbalamalarına görə, təkcə «77» seriyası ilə başlayan və cəlbedici kombinasiyaya malik olan nömrələrin rəqabətli satışından ən aşağı qiymətləri nəzərə aldıqda 80-100 milyon manat vəsati əldə etmək olar. Bu məbləğ ölkə əhalisi və biznesin «Yaşat» fonduna bir neçə illik ianələri qədərdir.
Hərracların təşkil edilməsi bu məbləğlərin indiyədək olduğu kimi bir neçə nəfərin cibinə getməsinin qarşısını almağa və onu daha səmərəli istifadə etməyə imkan verər.
İkincisi, indiyədək avtomobil nömrələrinin satışı və bu sahədə baş verənlər göstərir ki, dəfələrlə rəsmi şəkildə elan edilsə də, nömrələrin satışı hələ də tamamilə qeyri-şəffafdır. Yol hərəkəti qaydalarının pozulması və sürücülərin cərimələnməsi prosesi əvvəldən axıradək tamamilə elektronlaşdırılsa da, ondan qat-qat asan olan avtomobil satışı prosesinin elektron satışı hələ də elektronlaşmayıb. Nəinki satışı, hətta boş qalan nömrələrin siyahısı ictimaiyətdən gizli saxlanılır.
Belə nömrələrin qiymətini bidlmək çətin deyil – elan saytlarında cəlbedici kombinasiyalı nömrələrin satış elanları kifayət qədərdir, onların qiyməti isə min, 10 min və bəzən 100 min manatlarla ölçülür.
Üçüncüsü, avtomobil nömrələrinin ASAN Xidmət kimi, təmiz reputasiyaya malik və korrupsiyadan uzaq təşkilat tərəfindən təşkil edilməsi əhalidə bu prosesin şəffaflığına inamı artıra bilər. Avtomobil satışında baş verən mənfi hallar təkcə yol polisinin deyil, bütün hüquq mühafizə sisteminin nüfuzuna zərbə vurur.
Dördüncüsü, hərrac zamanı şəxsi sirlərin ötürülməməsi üçün alıcıların anonimliyini təmni etmək olar. Yeri gəlmişkən, hərracın onlayn elan edilməsi və buraya xarici vətəndaşların da cəlb edilməsi avtomobil nömrələrinin daha yüksək qiymətə satışına imkan verər.
Beşincisi, indiyədək yol polisi tərəfindən avtomobil nömrələrinin əlifba sırası ilə satışı (yəni hərf seriyasının əlifba sırası ilə dəyişməsi) ilə bağlı tətbiq etdiyi qayda əslində rəsmi olaraq mövcud deyil. Qanunvericiliyə görə, istənilən şəxs, istənilən seriyalı nömrəni istənilən vaxt ala bilər və hərflərə «növbə» çatmasını gözləməməlidir.
Altıncısı, vacib məqam – əgər hökumət tərəfindən – nömrələrin ASAN Xidmət vasitəsilə satışı barədə qərar qəbul edilərsə, 77 ilə başlayan və artıq indiyədək verilən bütün nömrələr geri alınmalı və hərrac yolu ilə yenidən satışa çıxarılmalıdır. Şəhid ailələri və qazilərin rifahı üçün xərclənə biləcək bu məbləğlərin qanunsuz olaraq bir neçə nəfər tərəfindən mənimsənilməsi yolverilməzdir.