Qanunsuz sığorta endirimləri ilə bağlı monitorinqin ilkin nəticələri məlum olub.
FED.az xəbər verir ki, məlumata əsasən Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (İSB) birgə monitorinq qrupu fəaliyyətə başlayandan sonra sığorta bazarı üzrə qanunsuz endirimlərin sayı və həcmi kəskin azalıb. Bununla belə, 2-3 sığorta şirkəti hələ də qanunsuz endirimləri davam etdirir. Bölgələrdə isə bəzi yerlərdə qanunsuz endirim edən sığorta vasitəçiləri aşkar edilib. Belə ki, digər sığorta vasitəçilərinin endirimləri dayandırğını görən bəzi agentlər qanunsuz endirim etməklə müştəriləri cəlb etməyə çalışır. Monitorinq zamanı bəzi dələduzluq halları da aşkar edilib. Məlum olub ki, sığorta agentlərindən bir müştərinin şəxsiyyət vəsiqəsilə 1000-dən artıq avtomobil sığortalayıb. Belə ki, Bonus-malus sistemi ilə qəza törətməyən sürücülərə növbəti ildə sığorta endirimi verilir. Sığorta agenti isə bundan istifadə edib. Digər avtomobilləri endirimli sığortalamaq üçün endirimi olan həmin müştərinin Pinkodu ilə 1000-dən artıq avtomobil sığortalayıb. Bundan əlavə, müştərilərin mobil nömrəsinin yerinə öz nömrəsini qeyd edən agentlər də aşkar edilib.
Qeyd edək ki, monitorinq yekunlaşandan sonra qanunsuz endirim və dələduzluq hallarına yol verən sığortaçılara qarşı müvafiq tədbirlər görüləcək.