Türkiyə hökuməti ölkə fermerlərindən qarğıdalının alış qiymətini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Torpaq Məhsulları Ofisi avqustun əvvəlində başlayan qarğıdalı yığımı ilə əlaqədar olaraq çox gözlənilən 2025-ci il üzrə qarğıdalının alış qiymətini açıqlayıb.
“Rusiya bazarı bağlıdır, daxili bazarda da alan yoxdur”– Xaçmazlı fermerlər DANIŞDI
TMO-dan verilən açıqlamada qarğıdalının alış qiymətinin ton başına 11 300 TL olaraq təyin edildiyi bildirilib. Bu o deməkdir ki, hökumət müvafiq tələblərə cavab verən qarğıdalının hər tonunu fermerlərdən 11 300 lirə və ya 277 dollara və ya 470 manata alacaq. Yəni qarğıdalının kiloqramı 11,3 lirə və ya 47 qəpikdən alınacaq.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin və TMO-nun birgə məlumatında deyilir ki, ölkədə qarğıdalı yığımına avqustun əvvəlində ilk olaraq Adana və Hatayda başlanılıb.
Türkiyədə qüvvədə olan qaydalara görə, yanacaq-gübrə dəstəyi (bizdə olduğu kimi əkin subsidiyası) yeni modeldə tətbiq ediləcək. Bu modelə uyğun olaraq fermerlərə “Əsas Dəstək” və “Planlı İstehsala Dəstək” kimi dəstək tədbirləri nəzərdə tutulub. Yerli sertifikatlı toxumlardan istifadə edənlərə isə əlavə dəstək kimi “İstehsalın İnkişafına Dəstək”in ödəniləcəyi bildirilib.
Bu dəstəklərin ümumi dəyəri ton başına 668 lirə və ya 28 manatdır. Onu da nəzərə alanda fermerlərə hər ton üçün 11 968 lirə və ya 498 manat ödəniləcək.
Yeri gəlmişkən, Türkiyənin bəzi ərazilərində fermerlər bu qiymətlən narazı qalıblar. Belə ki, Adana Fermerlər Birliyi elan edib ki, bu qiymət onların gözlədiyi alış qiymətindən daha az olub, onlar qarğıdalının hər tonu üçün 12 500 lirə və ya 520 manat, yəni kiloqrama 52 qəpik gözləyirdilər.