Azərbaycanda fındıq qiymətləri nə qədər çox müzakirə olunursa, ondan daha artıq şəkildə Türkiyədə müzakirə olunur.
FED.az xəbər verir ki, türk istehsalçılar və fındıq sektorunun digər iştirakçıları tüccarın alış qiymətindən şikayət edir, çünki 52 lirədən fındıq qiyməti açıqlayan dövlət şirkətindən (TMO) fərqli olaraq tüccarlar (dəllallar) fındığı istehsalçılardan 45-46 lirəyə toplayırlar. Bu ərəfədə hamının gözü qulağı ən böyük fındıq alıcısı şirkətə - italyan Ferreroya çevrilmişdi. İstehsalçılar ən azından bu şirkətin dövlət qiymətinə (52 lirə) fındıq almasını gözləyirdi. Ancaq gözlənən olmadı.
Ferrero bu il Türkiyədə tüccardan fındığı 48 lirədən alacağını açıqladı. Təbii ki, istehsalçılar da yaxşı başa düşür ki, bu halda tüccar onların özündən aldığı fındığı 46 lirədən yuxarı qaldıra bilməyəcək. Bu hal istehsalçıların narazılığına səbəb olub. Ard-arda fındıq yetişdirilən bölgələrin kənd təsərrüfatı idarələri, hətta bəzi deputatları belə Ferrero şirkətini alış siyasətinə etiraz edərək onu inhisarçılıqda və bazar qiymətlərini aşağı həddə saxlamaqda günahlandırıb. Məlumat üçün qeyd edək ki, Ferrero şirkəti dünyanın ən böyük fındıq alıcısıdır, belə ki, illik 1.2 milyon tona yaxın qlobal fındıq istehsalının 1/4 hissəsindən çoxunu şirkət təkbaşına alır.
2017-ci ildən etibarən Azərbaycandan da birbaşa fındıq alışlarına başlayan Ferrero ölkəmizdəki bir neçə iri ixracatçı şirkət ilə əməkdaşlıq edir. Məsələ burasındadır ki, bu mövsüm Ferrero şirkəti Azərbaycanla da əməkdaşlığını hələlik "dondurub" və yeni məhsul alışına başlamır. Şirkətin 5 il dalbadal ölkəmizdən xeyli miqdarda fındıq alışından sonra (təqribən ölkədaxili istehsalın 1/3 hissəsi) birdən-birə alışı dayandırması bazarda vakuum effekti yaradıb. Bu səbəbdən, hazırda xüsusilə Şəki-Zaqatala bölgəsinin fındıq ixracında getdikcə problemlər yaranmağa başlayır. Çünki təkbaşına ölkəmizdən ildə 10 min tona yaxın fındıq ləpəsi alacaq ikinci bir şirkət yoxdur və yeni alıcıların tapılması bir qədər zaman tələb edir.
Sonda bir haşiyə çıxmaq istərdik ki, Türkiyədə qiymətlər bir qayda olaraq 50 randıman fındıq üzrə açıqlanır, yəni 1 kq qabıqlı fındıqdan 500 qram ləpə verən fındıq üçün. Ölkəmizdə bu standarta nisbətən yaxın olan Xaçmaz fındığıdır. Zaqatala fındığının randımanı isə aşağıdır: Təqribən 40-44%. Bəzən bir sıra oxucularımız yanlışlıqla Türkiyədə açıqlanan qiyməti manata çevirərək həmin qiymətlə yerli emalçıların fındıq alışlarını müqayisə edirlər. Düzgün müqayisə aparmaq üçün yerli fındıq da 50 randımana uyğun qiymətlə hesablanmalıdır. (Findiq.az)