Rusiya və Ukrayna arasındakı müharibə Azərbaycanda istehsal olunan narın maya dəyərini artırıb.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” (ANİİA) İctimai Birliyinin sədri Fərhad Qaraşov bildirib.
Eləcə də bax: Fərhad Qaraşov fermerlərə - ÇAĞIRIŞ ETDİ
"Ədalətli qiymət 2 manatdan az olmamalıdır"
"Müharibəyə görə ölkəyə idxal edilən dərman, gübrə və digər texniki qulluq vasitələrinin qiyməti 30-50 % artıb. Bunun da narın maya dəyərinə birbaşa təsiri var. Bununla belə, bəzi işbazların fermerlərimizin əziyyətini və maya dəyərində baş verən dəyişikliyi nəzərə almadan, müxtəlif səbəblər göstərərək, məhsulları aşağı qiymətə almaq cəhdlərini müşahidə edirik. Odur ki, istehsalçılara səslənirik ki, narı tez satmağa, ucuz verməyə tələsməsinlər. Hesab edirik ki, narın 1 kiloqramı üçün ədalətli topdansatışı qiyməti 2 manatdan az olmamalıdır", - deyə o, qeyd edib.
"Bu il azı ötənilki qədər nar yığacağıq”.
F.Qaraşovun sözlərinə görə, artıq Azərbaycanda nar yetişmək üzrədir: "Sentyabrın ortalarından Mil-Muğan və Aran regionlarının müəyyən hissələrində yığıma başlanıla bilər. Amma ölkə üzrə ümumi yığımın sentyabrın sonu, oktyabrın əvvəlində başlayacağını gözləyirik. Aprel-may aylarında havalar sərin keçdiyi üçün nar gec çiçəklənib. Odur ki, bu il yığımla bağlı bir az yubanmalar olacaq. Amma ötən illə müqayisədə daha çox məhsuldarlıq əldə etmək arzusundayıq. 2016-cı ildən bəri nəzər salanda hər il ümumi məhsuldarlıqda 5-10 %-lik artım olub. Nəzərə alsaq ki, yeni nar bağları salınır. Bu il azı ötənilki qədər nar yığacağıq".
"Əsas ixrac bazarı yenə Rusiya olacaq"
Assosiasiya sədri deyir ki, ötən il olduğu kimi bu il də Azərbaycan narının əsas ixrac bazarı Rusiya olacaq. "Ötən il bu ölkəyə 14 tona yaxın məhsul göndərilib. Bu il bu rəqəmin nə qədər olacağı hələ ki, məlum deyil. Əvvəlki illərdə nar satdığımız Ukrayna bazarını isə müharibəyə görə qismən itirilmiş hesab edirik. Paralel olaraq Körfəz ölkələri ilə danışıqlar aparılır. Qətərə ötən il ixrac həyata keçirilib. Bu il onu artırmağı düşünürük. Qazaxıstan bazarını da nəzərdən keçiririk, bu bazar bizim üçün strateji və mənfəətli bazar sayılır. Avropa ölkələri əsas hədəflərimizdir. Ötən il bir neçə bağ sahibi “Global Gap” sertifikatı alıb. Onlar rahat şəkildə Avropa ölkələrinə ixrac həyata keçirə biliblər. Bu il onlar həcmi artıracaqlar".
"İxrac təşviqinin ödənilməsi bərpa edilsin"
Onun sözlərinə görə, 2015-2020-ci illərdə Azərbaycanda nar ixracatçılarına dövlət ixrac təşviqi ödəyib və narçılıq sahəsi həmin mexanizmdən bəhrələnib: "İxrac edilən məhsulun ümumi dəyərinin 3%-ni dövlət bizə ödəyirdi. Artıq 2 ildir ki, bu mexanizm yoxdur. Ümumiyyətlə, nar çəki itirən meyvə olduğu üçün Rusiyanın satış nöqtələrinə çatana qədər çəkisini 30-40% itirirdi. Odur ki, 3%-lik ixrac təşviqi bizim üçün çox vacib idi. Onun bərpasına dair İqtisadiyyat Nazirliyinə müraciət etmək istəyirik”.
"Fermelər damcılı suvarmdan istifadə etsinlər"
Sonra F.Qaraşov nar istehsalçılarına tövsiyyə edib ki, damcılı suvarma sistemlərindən istifadə etsinlər: “Bu, daha çox məhsul yığımağa imkan verəcək. Hazırda dünyada su ilə bağlı çətinliklər var. Azərbaycanın da şirin su ehtiyatlarının 70-72 %-i ölkə hüdudlarından kənarda formalaşır. Ona görə də bağlarda damcılı suvarmanın tətbiqi qaçılmazdır. Bu üsul selləmə üsulundan daha faydalıdır. Həm suya qənaət edilir, həm də gübrə və pestisidlərdən istifadə effektiv olur".
Xatırladaq ki, ötən il Azərbaycanda 185 min ton nar yığılıb. Bunun 22 min tonu ixrac edilib. Nar ölkəyə 29,3 milyon ABŞ dolları ixrac gəliri gətirib. (Report)