“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” (ANİİA) İctimai Birliyinin sədri Fərhad Qaraşov fermerlərə çağırış edib.
Eləcə də bax: "Vəziyyət belə davam edərsə, biz bu bazarı itirəcəyik”
FED.az xəbər verir ki, çağırış nar yığımı mövsümi öncəsində bazar strukturunda baş verən hərəkətlənmə və məhsulun qiymətinə təsir edən amillərlə bağlıdır. Mil-Muğan, Aran və Şirvan rayonlarından olan nar istehsalı ilə məşğul olan fermerlərə olan çağırışı təqdim edirik:
“Bildiyiniz kimi, dünya bazarlarında baş verən qiymət artımlarının nəticəsi olaraq cari mövsüm ərzində kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif gübrə və dərmanların satış qiymətində 40-60% artım müşahidə olunmaqdadır ki, bu da nar məhsulunun maya dəyərinin müvafiq qaydada artmasına səbəb olub..
Buna baxmayaraq, bəzi işbazların fermerlərimizin mövsümi əziyyətlərini və maya dəyərində baş verən bu dəyişikliyi nəzərə almayaraq, müxtəlif səbəblər göstərərək onların məhsullarını aşağı qiymətə almaq cəhdlərinin olduğunu müşahidə edirik.. Bunu nəzərə alaraq əsasla nar istehsalı ilə məşğul olan fermerlərə mücariət edərək qeyd etmək istərdik ki, öz məhsullarını maya dəyərindən ucuz qiymətə ara satıcılarına təklif etməkdə tələsməsinlər. İl ərzində bağlara külli miqdarda sərmayə qoyan narçı fermerlərin məhsulunun mövsüm zamanı müxtəlif manipulyasiyala edərək dəyərindən ucuz qiymətə alınması cəhdini fermerlərimizə qarşı ədalətsizlik hesab edir avə fermerlərimizi bu məsələdə ayıq-sayıq olmağa çağırırıq.
Nəzərə almaq lazımdır ki, həm daxili bazarda, eləcə də ənənəvi bazar olan Rusiya bazarlarında narın 1 kiloqramının proqnozlaşdırılan qiyməti hələ ki, bəlli deyil. Lakin Rusiya bazarına ixracla bağlı qoyulmuş məhdudiyyətləri də nəzərə alaraq Azərbaycan məhsuluna bu bazarda tələbatın arta biləcəyini gözləyirik. Bu halda isə, həm daxili bazarda satılacaq və xaricə ixrac ediləcək narın qiymətinin artacağını proqnozlaşdırmaq mümkündür..
Assosiasiya olaraq fermerlərimizin maraqlarını qorumaq məqsədilə, nar məhsulunun istehsalına çəkilən xərcləri də nəzərə alaraq 1 kiloqram məhsulun topdansatışı üçün ədalətli qiymətin 2 manatdan az olmaması lazım gəldiyini düşünürük.
Əlavə olaraq onu da qeyd edək ki, keçən il ölkə üzrə ümumi nar məhsulu istehsalı 185 min ton təşkil etmişdi. Sözügedən məhsul üzrə ixracın həcmi isə 22000 tona yaxın (29.3 mln $) təşkil edib. Öncədən də qeyd edildiyi kimi, ümumi ixracın əksər hissəsi, təqribən 14000 tona yaxını Rusiyaya həyata keçirilib. Cari mövsümdə müşahidə olunan məhsul bolluğunu nəzərə alaraq 2022-ci ildə ixracın daha yüksək olması ehtimalı var. Yeni bazarlara çıxış bu ehtimalı daha da gücləndirir. Belə ki, 2021-ci ildə Almaniya, Qazaxıstan və Qətər kimi ölkələrə nar ixrac edə bilmişik və bu il də həmin bazarların bizim nara olan marağı yüksək olaraq qalmaqdadır. Ona görə də Qazaxıstan, Qətər və digər körfəzyanı ölkələrə, həmçinin bir sıra Avropa ölkələrinə nar ixracı qarşımızda duran əsas prioritetlərdəndir”.