Rusiya tərəfi Azərbaycan pomidorlarını ölkəyə buraxmaq üçün həmin pomidorun yetişdirildiyi istixanalara Moskvadan videokamera ilə nəzarət edir.
FED.az xəbər verir ki, artıq bir neçə aydır ki, başlayan bu videomonitorinqlər Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılır.
Məsələ bundadır ki, bir qədər əvvəl Rusiya tərəfi bir neçə dəfə Azərbaycan pomidorlarının tərkibində zərərli maddələrin aşkarlandığını elan elərək pomidorlarını ölkəyə buraxmamışdı.
Vəziyyətdən çıxmaq üçün videonəzarət üsulu qərara alınıb.
Bu zaman Rusiya tərəfi Azərbaycanda ayrı-ayrı şirkətlərin parniklərinə videobaxış həyata keçirir, yəni Rusiyadan videokamera vasitəsilə canlı olaraq parnikdə istinadən detala baxır və istənilən məsələ barədə suallarını verir. İstixananın sahibi və mütəxəssisləri də bu barədə geniş izahat verirlər.
Yəni sübut edirlər ki, pomidor düzgün yetişdirilir və tərkibi korlanmayıb.
Bu vəziyyət Rusiya tərəfinin Azərbaycan sahibkarlarına etibar etmədiyinin göstəricisi olsa da, pomidorların şimal qonşumuza ixracını təmin etmək üçün Azərbaycan tərəfi bu üsulla razılaşıb. Nəzarəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti - "Rosselxoznadzor"un mütəxəssisləri həyata keçirir.
Aprelin 26-28-da "Rosselxoznadzor"un nümayəndələri ölkədəki daha bir neçə parnikə məsafədən videobaxış keçiriblər. Bunlar Tovuz rayonunda Rzayev Səlahəddin Qədir oğluna, Salyan rayonunda Həsənov Abbas Məmməd oğluna, Şəki rayonunda Əhmədov Elman Əliş oğluna, Şəmkir rayonunda Qasımov Qoca Nəbi oğluna, Əliyeva Mahirə Ənvər oğluna, Məmmədov Bəhruz Daşdəmir oğluna, Abşeron rayonunda Həziyev Qəhrəman Əmir oğluna məxsus pomidor məhsulu yetişdirilən istixanalar, eləcə də “Bərəkət-2020” MMC və “AZ-Tomato” MMC-dir.
Canlı yayımda pomidor analizi
Elə ona görə də videomonitorinqlər zamanı «Rosselxoz»un nümaynədələri istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri ilə yanaşı, təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal barədə suallar da verirlər.
Üstəlik Rusiya tərəfinin şübhələrini tam aradan qaldırmaq üçün elə canlı yayım zamanı istixanalardan bitki və meyvə nümunələri götürülüb və Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, belə monitorinqlər başqa təsərrüfatlarda da davam edəcək.