Cəlilabadın üzüm bağlarında yığım davam edir. Qısa vaxtda bağlardan toplanan məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub.
Hər hektardan 60-70 ton götürürlər, tonu 94 manatdır
FED.az xəbər verir ki, bu il də Cəlilabadın üzüm bağlarında məhsul boldur. Artıq bir aya yaxındır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. Adı dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda, hazırda xarici ölkələrdən gətirilən 9 sort məhsuldar üzüm növləri də becərilir. Ümumilikdə rayon üzrə 1410 hektar üzüm bağları var ki, bunun 1375 hektarı bar verən sahələrdir. Üzümçülük təsərrüfatına uzun illərdir sadiq qalan fermer Mirhəbib Salmanlı bu mövsüm də 15 hektarlıq bağında bol məhsul yetişdirib.
Fermer Mirhəbib Salmanlı deyir ki, plantasiyalardan tədarük olunan məhsullar elə bağ ərazisində də işçilər tərəfindən çeşidlənərək yerli və xarici bazar üçün qablaşdırılır. Hələlik ixracın tələb və marağına uyğun məhsullar “Artika”, “Sultaniyyə”, “Prima” kimi fransız üzüm sortlarıdır: “Hazırda 15 hektar üzüm bağı becəririk. Həmin üzüm bağlarında da iyul ayının 15-dən yığım başlanılıb. İlkin olaraq, yığımları təzə, tezyetişən, Fransadan gələn tinglərdə başlamışıq. Məhsuldarlıq keçən illərə nisbətən bu il yüksəkdir. Hektara 15-20 ton məhsul götürə bilirik. Daxili bazarda üzümün qiyməti 50, 60, 70 qəpik arasında dəyişir. İxrac olunan, Rusiyaya gedən mallarda 90 qəpik, 1 manat, 1 manat 10 qəpik civarında qiymət fərqləri var. Ümidvarıq ki, Rusiya və digər xarici bazarlara üzümün ixracı sürətlənərsə, biz fermerlər də yaxşı qazanc əldə edəcəyik”.
Ötən aydan mərhələli şəkildə yığım aparan sahibkar Mirhəbib Salmanlı ailə təsərrüfatında min bir zəhmətlə ərsəyə gətirdyi məhsulun qiymətinin getdikcə azalacağından narahatdır. Lakin ekspert və mütəxəssislər də yerli istehsala və tədarükə məxsus məhsulların hazırkı qiymətinin aşağı enməsini gözləmirlər. Çünki bugünkü təlabata uyğun fermerlər öz məhsullarını tarladan toplayıb maneəsiz sata bilirlər. Bu günə qədər rayonun üzüm bağlarından toplanan 1500 ton məhsulun yerli bazarla yanaşı, 300 tondan çoxu xaricə ixrac olunub.
Cəlilabad DAİM-in mütəxəssisi Hafiz Kərimov üzümçülüyün rayonda geniş geniş yayılması üçün Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının üzüm bağlarında olduğunu, lazımi tövsiyələr verdiyini, eyni zamanda yığımda iştirak edən fəhlələrlə görüşlər keçirildiyini bildirib: “Məhsuldarlığın yüksək olması fermerlərin bu sahəyə marağını artırır və gələcəkdə nəzərdə tutulur ki, rayonumuzda üzümçülük sahəsində yeni əkinlər aparılsın”.
Qeyd edək ki, bu günədək üzüm bağlarının 170 hektara qədər ərazisində yığım başa çatıb. Orta məhsuldarlıq hələlik 120 sentnerdən artıq təşkil edir. Yığım davam etdirilir. (Azərtac)