Kartofçuluq üzrə ixtisaslaşmış rayon olan Tovuzda məhsulun kütləvi yığımı davam edir. Bu il kartof sahələrinin genişləndirilməsi ötən illə müqayisədə yüksək məhsuldarlığın əldə olunmasına gətirib çıxarıb. Havanın isti olmasına baxmayaraq, sahələrdən kartof yığımı günorta saatlarına qədər texnika və əl əməyindən istifadə edilməklə aparılır. Yığıma günəmuzd işçilər də cəlb olunur.
Azərbaycanın xaricə satdığı kartof- BİR QƏDƏR UCUZLAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, prosesə rayonun aran hissəsindən başlanılıb. Fermerlər bir hektardan təxminən orta hesabla 25 - 30 tona qədər məhsul əldə edirlər. Dağlıq ərazidə isə bir müddətdən sonra kartof yığımına başlanacaq.
Tovuzda bu il 5 min 496 hektar sahədə kartof əkilib ki, bu da ötən ildən bir qədər artıqdır. Kartofun bir kiloqramının sahədən satış qiyməti isə 35 - 37 qəpikdir. Fermerlər qiymətlərin bu il aşağı olduğunu deyirlər. Onlardan bəziləri elə sahədəcə kartofun satışını həyata keçirsə də, bəzi məhsul sahibləri kartofu soyuducu anbarlara yığıb, bir neçə aydan sonra satmağı düşünürlər. Fermer Rauf Yəhyayev məhsulun xarab olmaması üçün onu sahədə satmağa üstülük verir: “Alış işinə baxan sahibkarlar da işçi gətirib, kartofu özləri qablaşdırıb, yük maşınlarına yükləyib, satışa çıxarırlar. Onlar məhsulu hansı qiymətə satır bundan xəbərimiz olmur. Məhsulumuz keçən ilə baxanda yaxşıdır. Bu il yağıntı oldu, ona görə də məhsuldarlıq yüksəkdir. Kartofumuz “orkestr” sortudur, olduqca məhsuldardır. Bundan başqa “orizona” “anna karenina” sortlarından da becəririk” – deyə, fermer bildirib.
Rayon bazarlarında kartofun qiyməti 40 - 60 qəpik arası dəyişir. Fermerlər məhsullarını yerli deyil, iri bazarlarda satmaqda maraqlıdırlar. Qeyd olunur ki, yerli bazarda kartofa təlabat azdır. “Biz məhsulumuzu Bakı və digər yerlərə satışa çıxarmırıq. Bizim öz soyuducu anbarımız var. Məhsulumuzu soyuducu anbara tədarük edirik. Satışa isə biz sentyabrda başlayacağıq. Səbəbi isə odur ki hazırda kartofun kiloqramı 33 - 35 qəpikdir”- deyə, fermer Ədalət Məhərrəmov vurğulayıb.
Kartof fevralın sonu martın əvvəlində torpağa səpilir, iyul ayında isə kütləvi yığımı aparılır. Qeyd olunub ki, fermerlər bir hektar kartof sahəsinə təxminən 7 min manata qədər pul xərcləməli olur. Mütəxəssislər hesab edir ki, qiymətlərin tənzimlənməsi ilə bağlı fermerlər öz aralarında kommunikasiyalar qurmalı və ixrac imkanlarını düşünməlidirlər. (Azərtac)