Pandemiya təsirləri, geosiyasi məkanda baş verən proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması dünyada, o cümlədən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün yeni çağırışlar yaradır.
FED.az xəbər verir ki, bunu “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar" mövzusunda ictimai müzakirə zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. O qeyd edib ki, bu gün, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması həm istehsalçılar, həm də dövlət qarşısında duran əsas məsələlərdəndir.
Orxan Məmmədov hazırda ölkədə kənd təsərrüfatı sektorunda olan əsas problemlərdən də bəhs edib.
"Əsas məsələ, istehsal mərhələsidir. Aqrar sığorta mexanizminin geniş tətbiq edilməməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda təyinat dəyişməsi ilə bağlı məsələlər var. Təsərrüfat subyektləri ərazilərində əsas fəaliyyətləri üzrə xidməti tikililərin, saxlanc yerlərinin qurulmasına icazə verilmir və sahibkarlar cərimələnir. Təklif edirik ki, bu tip oxşar hallarda müvafiq tikililərin qurulmasına icazə mexanizmlərinin hazırlanması ilə bağlı qanunvericiliyə yenidən baxılsın. Keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinin əlçatan olmaması, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, emal mərhələsi, qida təhlükəsizliyi sayəsində sənədləşdirmə prosedurlarının çətinliyi, emal zamanı istifadə edilən bəzi xammal məhsullarına gömrük və vergi rüsumlarında güzəştin olmaması kimi problemlər var. Həmçinin, dünyada ərzaq qiymətlərinin yüksəldiyini nəzərə alaraq rüsumların differensiallaşdırılması təklif edilə bilər. Texnoloji avadanlıqların köhnəlməsi, peşəkar texnoloqların azlığı, satış mərhələsi, bazarlara çıxış imkanlarının genişləndirilməsi, qablaşdırma və saxlanc məsələlərində də KOB-ların çətinlikləri var", deyə - KOBİA sədri qeyd edib. (Apa)