Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyasının sədri, “Originar” brendinin yaradıcısı Fərhad Qaraşovun müsahibəsi
-Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olundunuz. Bununla bağlı nə deyə bilərsiniz?
ELƏCƏ DƏ BAX : Fermerlər böyük məmnuniyyətlə sığortaya pul ödəyəcəklər - MÜSAHİBƏ
- Möhtərəm prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətində xidməti olmuş şəxsləri təltif etməsi bizim üçün, şəxsən narçılar üçün çox böyük bir qayğı, töhfə oldu. Sevincimizin həddi-hüdudu yoxdur, ən böyük uğurlarımızdan biri dövlət başçısı tərəfindən bu cür qayğıya yiyələnməkdir. Möhtərəm prezidentin Azərbaycan iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı üçün göstərdiyi qayğı, imzaladığı sərəncamlar, bölgələrdə keçirdiyi regional müşavirələr, iqtisadiyyatın inkişafı üçün atdığı bütün addımlar biz sahibkarlar tərəfdən çox böyük qiymətləndirilir və dəstəklənir. Vergi sahəsində olan islahatlar, kənd təsərrüaftının ayrı-ayrı sahələrinin inkişafı üçün həyata keçirilən tədbirlər bizim üçün çox böyük qayğıdır. Buna görə də biz cənab prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən nar istehsalçıları, ixracatçıları üçün Assosiasiya rəhbərinin dövlət başçısı tərəfindən təltif edilməsi çox böyük bir uğur, əlavə stimuldur. Həmin sərəncamda tək mən yox, iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar da təltif olunub. Mən bütün sahibkarların adından cənab prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu, bizim üçün həm də əlavə məsuliyyət, yeni planlar, kənd təsərrütafının inkişafı üçünyeni işlər görmək deməkdir. Vətəndaşın dövlət başçısı tərəfindən təltif olunması onun həyatında çox böyük bir uğurdur.
- Azərbaycanda narın istehsal miqdarı qənaətbəxşdirmi?
- Azərbaycan Narı ölkənin milli simvolu sayılır. Həm cənab prezident, həm də hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən nara böyük qayğı, sevgi ilə yanaşılır. Beynəlxalq yarışlarda, sosial tədbirlərdə narın simvol kimi seçilməsi narçılığın təşviqinə böyük töhfə verir. Bizim nar sahəsinə qayğımız dövlət tərəfindən yüksək qiymətləndirilir. Biz 2018-ci ildə 9300 tondan artıq yaş meyvə olaraq nar ixrac etmişik.Ümumi istehsalımız 170 min ton olub. Bizim üçün bu elə də böyük rəqəm deyil. Digər ölkələrdə 1 hektara 25-40 ton məhsul istehsal olunduğu halda, Azərbaycanda bu rəqəm 2018-ci ildə 7 ton olmuşdur. Biz bunu 15-20 tona qaldırmaq niyyətindəyik. Bunun üçün iki istiqamətli planımız var. Birinci istiqamət qida təhlükəsizliyi və sertifikatlaşdırma, ikinci istiqamət isə aqrotexniki becərilmə, suvarma, qablaşdırma və ixrac üçün lazım olan tədbirlərlə bağlı təlimlər keçiririk
- Nar biznesi üçün dövlət fermerlərə hansı dəstəyi verir?
- İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, yəni AZPROMO-nun təşkilatçılığı ilə iri beynəlxalq qida sərgilərində “Made in Azerbaijan” vahid brendi altında çıxış edirik. Dövlət tərəfindən ödənilmiş sərgilərdə sahibkarın yalnız müəyyən kiçik xərcləri çıxmaqla, mallarını xarici bazarda nümayiş etdirə bilir. Prezidentin kənd təsərrüfatında apardığı islahatlar nəticəsində bu sahə çox böyük inkişaf edib. Meyvəçiliyin inkişafı üçün yeni dövlət proqramı hazırlanıb. Narçılığın ümumi sahəsi 24 min hektardır, dövlət proqramına uyğun olaraq nar bağlarının sayı 28 min hektar olması nəzərdə tutulub. Həmçinin, hər hektardan 15 ton nar istehsal olunması planlaşdırılır. Biz çox çalışsaq, bundan da böyük rəqəmləri əldə edə bilərik. Bu da maariflənmə və maliyyə məsələlərinə bağlıdır. Fermerinin əlinin altında daim gübrə-dərman preparatları, aqrotexniki qulluq üçün avadanlıq olmalıdır, bu gün bunları əldə etmək üçün dövlət tərəfindən hər bir şərait yaradılır. Kənd Təsərrüfatı Nazirliyinin ötən ildən bəri yaradılan strukturları yaradılıb, burada gübrə-dərman almaq prosedurları elektronlaşdırılıb. Fermerlərə 40 faiz güzəştli şərtlərlə texniki avadanlıqları gətirirlər. Əsas problemlərdən biri banklarla bağlıdır. Bölgələrdə fəaliyyət göstərən fermerlərin rayonlardakı əmlakı kredit götürülən zaman girov kimi qəbul edilmir, fermerlərdən Bakı şəhərində yerləşən əmlak tələb edirlər. Bakıda əmlakı olmayan sahibkarlar aciz şəkildə qalıb bizə və digər dövlət orqanlarına müraciət edirlər. Biz də Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyinə bu məsələ haqda məlumat veririk . Bundan başqa, çatışmayan sahə kadr problemidir, bəzən buna görə xarici mütəxəssislərə üz tuturuq. Bu gün isə Azərbaycan Dövlət Aqrar Universitetində nazir İnam Kərimov və bizim təşəbbüsümüz ilə tələblər arasında seçim aparıb onların xaricə göndərilərək ixtisaslaşmasını təşkil edirik.
- Azərbaycanda nar istehsalçıları daxili tələbatı ödəyə bilirmi?
- Assosasiyanın 130-a yaxın üzvü var, onlardan 12-i emal zavodları, qalanları isəı fermerlərdir. Həmin fermerlər xarici bazara da məshul çıxarırlar, daxili bazarda sa satışlar edirlər.Biz “Originar” brendi altında ötən il 1800 ton nar istehsal etmişik, bu il 3500 ton olması gözlənilir. Əsas hədəfimiz ixrac yönümlü olsa da, bu ildən etibarən “Kənddən şəhərə” layihəsi vasitəsi ilə daxili bazarda da satışa başlayacayıq. Market şəbəkələrində də satışlar həyata keçirməyi planlaşdırırıq.
Daxili tələbatla bağlı bir misal çəkim. Bizə bu il kömək etməyimiz üçün müraciət daxil oldu ki, Hacıqabul rayonunda həyətyanı sahələrdən yığılan 10 min ton nar məhsulunu sata bilmirlər. Belə ki, rəqəmlər də onu deyir ki, daxili tələbat tam ödənir. Ərzaq təhlükəsizliyinin nar hissəsi özünü təmin edir.
- Sizdən başqa nar istehsalçılarının bu sahə ilə bağlı mövqeləri necədir? Sizə Assosiasiya rəhbəri kimi hansı müraciətlər daxil olur?
- Biz bölgələrdə mütəmadi təlimlər keçiririk. Əsas problem istehsalçıların maarifləndirilməsidir. Fermerlər köhnə, sovet dövründən qalma ənənələrlə nar yetişdirməyə çalışırlar, ziyanvericilərə qarşı, suvarma, budama, aqrotrexniki qulluq məsələlərində onların maarifləndirməsinə ehtiyac var. İkinci əsas məsələ maliyyə problemidir, bunu da biraz əvvəl dedik. Üçüncüsü isə fermerlərin bank hesabına daxil olan vəsaitlərin nağdlaşdırılmasına qoyulan məhdudiyyətlərdir. Nar mövsümundə əsas iş yığım və budama mövsümündə olur. Burada muzdlu işçilər işə cəlb olunurlar. Həmin şəxslər isə VÖEN açmaqla sənədləşmə məsələlərindən qaçırlar. Amma biz günəmuzdluları işə cəlb etdikdən sonra məcbur olub ödənişləri nağd qaydada veririk. Ay ərzində 30 min manatdan artıq pulu nağdlaşdırmaq olmur. Buna görə də fermerlər günəmuzdluların pulu verməkdə çətinlik çəkirlər.
- “Originar” şirkətinizin gələcək planları barədə məlumat verərdiniz, zəhmət olmasa..
- “Originar” sözü neologizmdir, narın yeri, narın mənbəyi anlamını verir. Əsasən icraxyönülmü şirkətdir. Hədəflərimizdən biri də daxili bazarda normal qablaşdırılmış məhsulun satışı və ixracın artırılmasıdır. “Originar” brendinin ərsəyə gəldiyi bağda innovativ suvarma və becərilməsi sistemi qurulub. Növbəti hədəfimiz tullantısız məhsul zavodunun tikilməsidir. Bu il “Caspian Agro 2019” sərgisində bu zavodun mini maketini təqdim etdik, Baş nazir cənab Novruz Məmmədov, İqtisadiyyat naziri cənab Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov bizim stenddə olub bu mini emal zavodu ilə maraqlandılar və çox yaxşı qarşıladılar. Burada narın şirəsi, narın konsentratı, kosmetologiya üçün nar qabığının emalı, nar tumunun yağı, ən sonda qalmış tullantının da balıq və quş yeminə qatqı kimi istifadə olunması nəzərdə tutulur.
- Sonda müvafiq dövlət qurumlarına və narçılara bir sözünüz varmı?
- Bütün nar istehsalçıları və ixracatçıları adından bizim üçün yaradılan şəraitə, dəstəyə və bizi qiymətləndirdiklərinə görə cənab prezidentə dərin təşəkkürümüzü bildiririk. Söz veririk ki, bu təltifdən sonra məsuliyyətimizi, işi yükümüzü daha da artıracayıq. Əsas hədəfimiz İstehsal gücümüzü artırmaq, ixrac rəqəminin artırılması, nardan alınan çeşidlərin artırılması və bu məhsulların dünya bazarlarında daha çox satılması ilə ölkəmizə əlavə valyutanın gətirilməsidir.