Dünya Bankının son araşdırmalarına əsasən, fermerlərin fəaliyyətinə, istehsala mənfi təsir edən təbiət hadisələrinin sayı 4 dəfə artıb. Qlobal iqlim dəyişmələri ölkəmizdən də yan keçmir. Fevral ayının sonlarında Azərbaycanda havaların şaxtalı keçməsi meyvə istehsalçılarını çox ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub. Aprel ayının ortalarında havaların kəskin dəyişməsi bəzi bölgələrdə yağış və sellərin baş verməsinə səbəb olub ki, bu da fermerləri xeyli itkilərə məruz qoyub. Bəs onlar belə təbiət hadisələrindən necə zərərsiz çıxa bilərlər? Aqrar sığorta alətləri kimləri və necə qoruyur?
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98%-ni əhatə etmək gücündədir"
FED.az Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun müsahibəsini təqdim edir:
- Fuad müəllim, bu günlərdə ölkə ərazisində baş verən güclü yağışlar fermer təsərrüfatlarına xeyli zərər vurdu. Bununla bağlı sizə müraciət varmı? Zərər nə qədərdir?
- Artıq bu ilin əvvəlindən təbiət hadisələri ilə bağlı müraciətlər daxil olmaqdadır. 26 milyon manatlıq sığorta müqavilələrində tam və ya qismən zərərin olması barədə müraciətlər edilib və zərər qiymətləndirilir. Hələlik zərər ödənişlərinin həcmini dəqiq demək mümkün deyil, çünki qiymətləndirmələr davam etdirilir. Aprel ayında 13 milyon manatlıq sığorta müqavilələrində tam və ya qismən zərərin olması barədə müraciətlər daxil olub. Ümumilikdə isə Aqrar Sığorta Fondunun zərər ödənişləri kəskin artıb. 2024-cü ildə ödənişlərin həcmi 12 milyon manat olduğu balda, bu ilin I rübündə zərər ödənişləri 3 milyon manata çatıb.
Qaydalara görə, heyvanların hər biri bazar qiymətinə uyğun
qiymətləndirilir və ona münasib müxtəlif sığorta tarifləri tətbiq olunur
- Heyvanların sığortası ilə bağlı fermerlərdən müraciətlər daxil olubmu? Çünki selin keçdiyi ərazilərdə xeyli sayda xırdabuynuzlu heyvanın tələf olmasını göstərən videolar paylaşılırdı. Onlar da sığortadan yararlana bilirlərmi?
- Heyvanların sığortası ilə bağlı Fonda müraciətlər daxil olub. Ancaq bu, təbiət hadisələri ilə bağlı deyil. Hazırda Azərbaycanda aqrar sığortaya maraq əsasən açıq sahədə, xüsusilə meyvə, tərəvəz və digər bitkilərin istehsalını quran fermerlər arasındadır. Çünki açıq havada öz fəaliyyətlərini təbiət hadisələrindən qoruya bilmirlər. Amma iribuynuzlu və xırdabuynuzlu heyvanların sığortasına maraq o qədər də böyük deyil. Fermerlərimiz bu sahədə risklərin idarə oluna bilən olduğunu düşünürlər. Ona görə də bununla bağlı müraciətlər azdır.
- Son daşqınlardan sonra təsərrüfatlarda katastrofik risklərin olduğu üzə çıxdı. Bununla bağlı yerlərdə iş aparılmasına ehtiyac varmı?
- Fond tərəfindən bu istiqamətdə təbliğat işləri davamlı olaraq həyata keçirilir. Aqrar biznes festivalları, yerli icra hakimiyyətləri ilə birgə tədbirlər reallaşdırılır. Başa düşürük ki, fermerlərin aqrar sığorta xidmətlərini tam qəbul etməsi bir qədər vaxt alacaq. Ancaq bu gün deyə bilərik ki, ölkədə əkinə yararlı ərazilərin 30%-i artıq sığortalanır. 5 il əvvəl bu rəqəm sıfır, 4 il əvvəl isə 10% idi. Bu, kifayət qədər yaxşı nəticədir.
Əkindən sonra müraciətlər edilərsə,
onların sığorta təminatı həmin tarixdən sonrakı dövrə aid olacaq
- Heyvanların sığortalanması qaydaları necədir? Bir iribuynuzlu heyvanın sığorta haqqı nə qədərdir?
- Qaydalara görə, heyvanların hər biri bazar qiymətinə uyğun qiymətləndirilir və ona münasib müxtəlif sığorta tarifləri tətbiq olunur. Məsələn, bazar dəyəri 1000 manat olan bir iribuynuzlu heyvanı 1 illik tam sığortalamaq üçün 80 manat sığorta haqqı tələb olunur. Bunun yarısını dövlət öz üzərinə götürür, heyvan sahibi isə cəmi 30-40 manat sığorta haqqı ödəyir. Uzun müddətə sığortalamaq istəyərsə, məbləğ bir qədər artır. Eyni zamanda, digər endirimlər də tətbiq edilir. İl ərzində sığortalanan heyvanların sayı 5-15 min aralığında dəyişir. Onlar da əsasən fərdi təsərrüfatlara aiddir.
- Artıq yazlıq əkin mövsümü başlayıb. Pambıqçılar öz risklərini sığortalamaq üçün müraciət edirlər. Başqa daha hansı bitkilərin əkini sığortalanacaq?
- Bəli, artıq pambıq mövsümü başlayıb, əkinlərə start verilib. May ayının ortalarına qədər bu sahə ilə məşğul olan sahibkarların öz əkinlərini sığortalamaq imkanları var. Əkindən sonra müraciətlər edilərsə, onların sığorta təminatı həmin tarixdən sonrakı dövrə aid olacaq və may ayında baş verə biləcək hər hansı hadisəyə görə təminat ala bilməyəcəklər. Artıq 15 min hektara yaxın pambıq əkilən ərazi sığortalanıb. Ölkədə sığortalana bilən 110 min hektara yaxın pambıq sahələri mövcuddur. Onlar subasma, dolu düşməsi, fırtına, 3-cü şəxslərin hərəkətləri, qozaların açmasından sonra leysan kimi hadisələrdən sığortalana bilərlər. Hər il 30 min hektara yaxın pambıq sahələri sığortalanır. Qarşıda qarğıdalı əkinləri olacaq, yazlıq buğda və arpanın isə əkilməsinə başlanılıb. Bostan bitkilərinın, tərəvəzlərin də sığortalanması mümkündür. Aqrar Sığorta Fondu 41 bitki növü üzrə 14 sığorta təminatı paketi təqdim edir. Bunlar ölkədə əkilən ərazilərin 98,5%-ni əhatə edir.
2020-ci ildə ölkədə bitkiçilik sığortası üzrə bir neçə müqavilə bağlanmış və cəmi 9 min
700 manat sığorta haqqı toplanmışdısa, 2024-cü ildə bu rəqəm 10 milyon manatı ötüb
- İqlim dəyişmələri katastrofik riskləri daha da artırır və bu, sığorta ödənişlərinin artmasını şərtləndirir. Fondun vəsaitləri onu qarşılamağa imkan verirmi?
- 2020-ci ildə ölkədə bitkiçilik sığortası üzrə bir neçə müqavilə bağlanmış və cəmi 9 min 700 manat sığorta haqqı toplanmışdısa, 2024-cü ildə bu rəqəm 10 milyon manatı ötüb. Kəskin fərq var. Ödənişlərimiz 2021-ci ildə 200 min manat təşkil etmişdisə, 2024-cü ildə 7 milyonu ötüb. İlbəil iqlim dəyişmələri özünü fərqli formada büruzə verir. Belə katastrofik hallar baş verdikcə fermerlərin sığorta təminatı üçün müraciətləri də artır. Aqrar Sığorta Fondu maliyyə təsisatı olduğu üçün onun dayanıqlı olmasına çox ciddi diqqət yetirilir. İstehsalçılar öz risklərini sığortaladıqları kimi, Fond da öz risklərini təkrar sığortalayır. Bu zaman riskin bölüşdürülməsi baş verir. Fondun aktivləri də artıb, fəaliyyətə başlayanda nizamnamə kapitalımız 9 milyon manat idisə, hazırda bu rəqəm 30 milyona çatıb. Eyni zamanda təkrar sığortaçı qismində dünyanın 2 böyük təkrarsığorta şirkəti ilə aqrar sığorta sisteminin risklərini bölüşürük. Bu gün Fondun öz fəaliyyətini normal davam etdirməsi üçün kifayət qədər likvid vəsaitləri mövcuddur. (Vergiler.az)