Azərbaycanın xurma istehsalçıları məhsullarını Rusiyaya ixrac etmək üçün ciddi problemə üzləşiblər.
Eləcə də bax: Fermerlərdən 40-50 qəpiyə yığılır - 90 faizi Rusiya bazarına satılır
FED.az xəbər verir ki, ölkədən toplanan xurma məhsulları Rusiya ilə sərhəddə uzun-uzadı gözləyir və bu da istehsalçıların əlavə xərclərə düşməsinə səbəb olub. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilsə də hələlik nəticəsi yoxdurö
Azərbaycan Xurma İstehsalçılar Assosiasiyasının sədri Qədir Yusifov FED.az-a bildirib ki, bu il məhsul bol olub, artıq bölgələrlə xurma yığımı mövsümüdür və bütün bölgələrdə fermerlər məhsulları toplamaqla məşğuldurlar: «Ölkədə çox ciddi şəkildə məhsulun dərilib qablaşdırılaraq xaricə ixrac olunması işləri aparılır». Hazırda xaricə gündə 10 min tonlarla xurma ixrac edilir.
Qeyd edək ki, artıq bir neçə ildir ki, xurma Azərbaycanın xarici ixrac etdiyi və ölkəyə valyuta gətirən strateji əhəmiyyətli məhsula çevrilib. «Xurma bir neçə ildir ki, davamlı olaraq ölkəyə ildə 100 milyon dollardan artıq gəlir gətirir, bu da insanların sosial vəziyyətinə müsbət təsir edir».
Bununla yanaşı, Q.Yusifovun sözlərinə görə, xurma istehsalçıları iki prbolemlə rastlaşıblar. Belə ki, qlobal istiləşmə səbəbindən və yayın isti keçməsi ilə əlaqədar olaraq süni suvarma sistemi olmayan bağlarda məhsuldarlıq kəskin aşağı düşüb: «Hələ də meyvə bağlarının böyük hissəsi damcılı suvarma sistemi iimlə təmin edilməyib. Baxmayaraq ki prezidentin tapşırığı ilə suvarma damlama sistemindən istifadı edən meyvə bağlarına subsidiya verilir. Amma amma təəssüf ki, bundan istifadə çox zəifdir. Həm belə sistemin qurulmaması, həm də aqrotexniki qaydalara əməl edilməməsi bəzi təsərrüfatların məhsuldarlığına mənfi təsir edib. Belə suvarma sistemi olan bağlarda isə qənaətbəxş meyvə var».
Xurma istehsalçılarının üzləşdiyi digər problem Azərbaycandan bu məhsulların Rusiyaya ixracı ilə bağlı yaranan çətinlikdir: «Azərbaycandan şimal tərəfə - Rusiyaya gedən yollarda keçid məntəqələrində böyük tıxaclar yaranıb. Mən keçən il İqtisadiyyat Nazirliyi və Azpromoya təklif etdim ki, ən yaxşı çıxış yollarından biri odur ki, Azərbaycanın Şimal və Cənub gömrük idarələri ələqəli işləsin və İrandan Rusiyaya gedən yük maşınlarının hərəkətinə limit qoyulsun. Cənub tərəfdən, yəni İrandan Azərbaycan ərazisi ilə Rusiyaya gedən avtomobilləri buraxmırıq demirik, amma onların gündəlik sayına limit qoyulsun – gündə 100-150 maşın buraxılsın. Limit qoyulsun ki, öz avtomobillərimiz sərhədi keçə bilsin».
Q.Yusifov bildirir ki, hazırda Rusiyaya aid olan avtomobillər Rusiyadan İrana boş gedərək İran məhsullarını Azərbaycan ərazisi ilə İrandan Rusiyaya daşıyırlar. Azərbaycan avtomobilləri isə Rusiya ilə sərhəddə növbə gözləyirlər. Nəticədə Azərbaycandan Rusiyaya keçiddə böyük tıxaclar yaranır və xurma avtoobilləri 5-7 gün tıxacda qalırlar.
Belə vəziyyət xurmaçılara ciddi zərər vurur. Əvvəla xurmaların yolda keyfiyyətini və qiymətini aşağı salır. Digər tərəfdən isə yolla qalaraq ləngiməsi xurma daşınması xərclərini artırır: «Sərhəddə tıxac olacağını və avotobilin dolu halda 4-5 gün sərhəddə gözləyəcəyini nəzərə alan daşıma şirkətləri xurmanın daşınması üçün avtomobilin qiymətini 4-5 min dollara qaldırıblar»-deyə Assosiasiya rəhbəri bildirib.