Tovuzda kartof əkini davam edir. Hazırda əkin işi rayonun aran hissəsində aparılır, bir azdan isə prosesə dağ kəndlərində də başlanacaq. Fermerlər toxumları əsasən xaricdən gətirirlər. El arasında ikinci çörək də adlanan kartofun əkini texnika ilə yanaşı, əl əməyi vasitəsilə də həyata keçirilir. Son günlər hava şəraitinin yağıntılı keçməsi isə fermerləri bol məhsul götürəcəklərinə inamını artırıb.
Azərbaycanda orqanik pomidorun istehsalına başlanıb - FOTO
FED.az xəbər verir ki, fermerlər hektardan 25-30 ton məhsul götürməyi düşünürlər.
Fermer Sakit Yəhyayev deyir ki, kartof toxumlarını Rusiyadan özü gətirir. Onun məhsuldarlığına əmin olduğu üçün həm özü istifadə edir, həm də fermerlərə satışını təşkil edir. “Anna koroleva”, “Arizona” toxumları məhsuldar olduğundan kartofun bu növünə üstünlük veriblər. “Səpinini həyata keçirdiyimiz toxumlar məhsuldardır. Bu toxumların həm satışını həyata keçirirəm, həmdə 15 hektar sahədə bu il səpinini aparmışam. Toxumun kiloqramını 55-60 qəpiyə alıram”,- deyə fermer bildirib.
Əl ilə əkin aparan fermerlər texnikadan da istifadə edirlər. Lakin toxum cücərmiş halda olduğundan əl əməyindən istifadənin daha məqsədəuyğun olduğunu deyirlər. Səpindən sonra isə sahənin suvarılması həyata keçiriləcək. Bu il havanın yağıntılı keçməsi isə məhsuldarlığa müsbət təsir edəcək. Toxumu səpərkən fermerlərin bəziləri özlərinə məxsus taktikadan da istifadə edirlər ki bu da kartofun suya olan tələbatını önləmiş olur. “Toxumları bir ay öncədən cücərməyə qoymuşuq. Bununla da bir-iki suvarma önə keçmiş oluruq. Həm də ona görə bu sortu əkirik ki, bazarda yaxşı pula gedir. Sahədə cücərmənin əsl vaxtıdır. Hazırda sahədə 35 işçimiz çalışır. Səpini yekunlaşdırmaq üzrəyik” – deyə fermer Elxan Sarıyev əlavə edib.
Kartofçuluqla məşğul olan təsərrüfat sahibləri bir hektara təxminən 3 ton yarım toxum əkirlər. Hektarın maya dəyəri isə 5-6 min manat civarında olur.
Qeyd edək ki, Tovuzda kartof əkini yekunlaşmaq üzrədir. Bu il fermerlərin dəqiq nə qədər sahədə kartof əkmiş olduğu isə proses yekunlaşdıqdan sonra məlum olacaq. Fevral-mart ayının bölgədə yağıntılı keçməsi isə fermerlərin ürəyincədir. Hazırda əkini aparılan kartofun yığımına isə təxminən dörd aydan sonra başlanacaq.(AZERTAC)