Koronavirus pandemiyası dövründə bir sıra bizneslərdə, xüsusilə onlayn ünsiyyət və satış platformalarında böyük artım baş verdi.
Amma məşhur virus və onun gətirdiyi problemlər ABŞ-da tamamilə fərqli sahədə əsl «partlayış»a səbəb olub, bu - diri toyuqlar, cücələr və yumurta satışıdır.
KFC və Burger King süni ətə keçir – YENİ BİZNES BAŞLAYIB
FED.az xəbər verir ki, supermarketlərə getməyə çətinlik çəkən və ya orada lazımi qədər ərzaq tapmayanlar həyatlərində toyuq saxlamağa başlayıblar. Nəticədə «COVID-19» dövründə təkcə ABŞ-da diri cücələrin, toyuqların və toyuq yeminin satışı 500% artıb. Amma toyuq saxlamaq ucuz məşğuliyyət deyilmiş.
ABŞ-ın Missuri ştatındakı kiçik Paplar Blaff şəhərinin sakini Favn Piqq ərzaq mağazasında yumurta tapa bilməyəndə növbəti malların gəlməsini gözləməyərək məsələni kökündən həll etməyi, diri cücə alaraq həyətyanı sahəsində toyuq saxlamağı qərara alıb. Amma gözlənilmədən məlum olub ki, o bu fikrə düşən birinci belə adam deyilmiş, yerli bazarda toyuq yemləri tamamilə satılıb qurtarıb, diri cücəni isə 1 ay gözləmək lazım gələcək, çünki hamısı əvvəlcədən sifariş olunub.
İnəksiz süd istehsalı – SÜD BAZARI DƏYİŞİR, YENİ BİZNES
Koronavirus pandemiyası gözlənilmədən toyuq biznesinə təkan verib. Evdə zəruri ərzaqların çatışmazlığından narahat olan, həyətyanı sahəsi olan sakinlər son iki ayda az qala kütləvi şəkildə toyuq saxlamağa başlayıblar.
ABŞ-da adi sakinlərin saxladığı toyuqların sayı ilə bağlı rəsmi rəqəmlər olmasa da, Kənd təsərrüfatı nazirliyinin 2013-cü ildə açıqlanan proqnozlarına görə, 2019-da ölkə sakinlərinin 5%-i, yəni təqribən 13 milyon nəfər həyətində toyuq saxlayacaq.
Toyuqlarla yanaşı, bu sahədə istifadə olunan malların və avadanlıqların satışı da artıb. Məsələn, məşhur satış platforması olan «Amazon»da 80 növdən artıq yığılma toyuq hini satılır. Onlardan ən ucuzu sadə qəfəsdir və 179 dollara satılır. Bahalısı isə kotteci xatırladır və qiyməti 2 min dolara yaxındır.
Son 90 gündə «Amazon»da toyuqla bağlı məhsulların axtarışı dəfələrlə artıb. Cücə saxlamaq dəsti axtarışı 758%, toyuq yeminin axtarışı 623%, toyuq qızdırıcısı axtarışı 340%, toyuq qəfəsi axtarışı 322% artıb.
Amma toyuq saxlayanlar bunu təkcə ehtiyacdan etmir, bu biznesin də öz lüks variantları var. Məsələn, «Ayam Cemani» növü toyuqların «Lamborghini»si sayılır – cücəsi 200 dollardır. Cücənin qiymətini baha sayanlar üçün xatırladaq ki, bu növün böyük toyuq-xoruzlarının qiyməti 2500 dollara çata bilər. «Vestfaliyan detlayer» növünün cücəsi isə 100 dollara satılır.
Toyuq hinlərinin bahalı variantı da var – dizayner layihəsi ilə, yüksək texnologiyalardan istifadə olunmaqla, məsələn günəş panelləri və avtomatik qapıları olan hinlərin qiyməti 20 min dollara çata bilər.
Amma bu sahədə ilk dəfə biznes qurmaq istəyənlər ciddi problemlə rastlaşıblar - cücə tapılmır. Toyuq təsərrüfatı saytlarında iri fərdlər bol olsa da, biznes üçün yararlı kiçik cücələr qəhətə çəkilib: «Həmişə, nə vaxt ki, böhran başlayır, cücələrin satışı artır»-deyə belə saytlardan birini işlədən Meqan Xovard bildirir. İndi saytın satışları kəskin artıb, müştərilərə cavab verib çatdırmaq olmur, müştərilərin 80%-i yenidir.
ABŞ-ın Konnektikut ştatındakı Monro şəhərindəki «My Pet Chicken» inkubatorunun sahibi Treysi Torres bildirir ki, martın əvvəlində diri cücələrin satışı ötən illə müqayisədə cəmi 98% idi, martın sonunda isə bu göstərici 500%-ə yüksəlib və bütün apreldə belə olub, amma ayın axırında satışlar azalıb, çünki satmağa bir şey qalmayıb. Toyuq saxlayanlar o qədər artıb ki, yem mağazaları yemi limitlə satmağa başlayıblar.
Cücələrlə yanaşı, hinlərin və toyuq aksessuarlarının satışları da kəskin artıb. Heyvanlar üçün mallar satan «Omlet» mağazasının sahibi Yoxannes Pol bildirir ki, pandemiyadan sonra belə malların satışı dəfələrlə artıb, son 6 həftədə onun şirkəti 6 aylıq həcmdə məhsul satıb. Bunlar avtomatik açılan qapılar, yemək dispenserləri, toyuq ipləri, görünməni artıran toyuq jiletləri və başqalarıdır: «İnsanlar bilir ki, toyuqlar onlar üçün pulsuz yumurta mənbəyidir, ona görə də onların qayğısına yaxşı qalmaq istəyirlər».
«Eggnomics»: məsələ pulda deyilmiş
Yumurta qıtlığı olduğu bir vaxtda toyuq biznesi cəlbedici görünə bilər, amma bu ucuz başa gəlmir, üstəlik, diqqətlə hesablayanda, deyəsən yumurtanı mağazadan almaq daha sərfəlidir. Məsələ bundadır ki, məsələn, Azərbaycanda çox ucuz, hətta pulsuz həll olunan məsələlər üçün ABŞ-da hökmən pul xərcləmək lazımdır. Məsələn, o qədər də baha olmayan adi növlərdən olan cücələrin biri 5-8 dollardır, onları istilik lampası olan yeşikdə saxlamaq lazımdır, bu möhkəm karton yeşik də ola bilər, amma lampa 13-75 dollara, cücələr üçün yem isə 8-25 dollara başa gələcək, onların suvarılması üçün istifadə olunan avadanlıqlar isə 6-30 dollara satılır. Böyüdükdən sonra onlar üçün qiyməti 200 dollardan başlayan hin (6 toyuq üçün) tələb olunur. Bütün bu xərcləri nəzərə alanda, 6 toyuğu saxlamaq ayda 35 dollara başa gəlir. Bu toyuqlar gündə bir dəfə olmaqla ayda 180 yumurta istehsal edəcəklər. İlk baxışdan pis deyil, amma məsələ ondadır ki, bu qədər yumurtanı mağazadan 19 dollara almaq mümkündür - yəni biri 10,5 sent (18 qəpik). Yəni sadə hesablama göstərir ki, yumarta üçün toyuq saxlamaq o qədər də sərfəli deyil.
Perdyu Universitetinin dosenti Marisa Erazmus da deyir ki, toyuq saxlamaq ilk baxışdan göründüyü kimi asan və ucuz deyil, məsələ təkcə yüksək xərclərdən getmir, toyuqlar yırtıcılar üçün də asan yemdir, onları qorumaq lazımdır. Sadəcə belə təsərrüfatın olması adamlarda qidasız qalmayacaqları ilə bağlı əminlik yaradır: «Əgər başqa pandemiya olsa, bizim ərzaq mənbəyimiz artıq var»-deyə Erazmus bildirir.