Dolu da təbii fəlakətlərdən hesab edilir və onun təsirindən üzüm bitkisi müxtəlif dərəcədə zədə ala bilir. Dolu kənd təsərrüfatına böyük miqdarda ziyan vura bilir. Hər il bu və ya digər ərazidə üzümlüyə daha böyük ziyan verir. Bir neçə dəqiqə ərzində düşən dolu ən pis halda üzüm bitkisinin yerüstü hissəsini tamamilə məhv edə bilər.
Fermerlərdən Aqrar Sığorta Fonduna - 150 MÜRACİƏT DAXİL OLUB
FED.az xəbər verir ki, bu fikirləri üzümlükləri dolu vurmadan qorumağın yollarından danışarkən Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.
O bildirib ki, 1948-ci ildə Ağdam şəhərinə və ona bitişik Seyidli kəndinə düşən dolu 200 qram ağırlığında olub, bu ərazidə hər şeyə dağıdıcı təsir göstərib.
“Dolunun üzüm bitkisinə təsiri vegetasiya dövrünün hansı fazasında düşməsindən də asılıdır. Dolu vurduqdan sonra üzümçünün əsas işi doludan zədələnmiş üzümlükdə budama aparılıb – aparılmamasının müəyyən edilməsi, böyümə və məhsulun ikinci dəfə nizamlanması yolu ilə budama üsullarının dəqiqləşdirilməsidir. Bu məsələlər dolunun düşmə vaxtı və intensivliyi nəzərə alınmaqla həll edilməlidir,” – deyə mütəxəssis diqqətə çatdırıb.
S. Abduləliyeva deyib ki, üzümlüklərin doludan müdafiə olunması üçün vasitə yoxdur. Avropada və Kaliforniyada bəzi xırda üzümlüklərin üstünə sıx toxunmuş məftildən tor çəkilir. Ümumiyyətlə tez-tez dolu düşən ərazilərdə sənaye üzümlüyü salınmamalıdır. Dolu vurmuş üzümlüklərin bərpası üzrə toplanmış təcrübələr aşağıdakı nəticələrə gəlməyə əsas verir.
Doludan zərər çəkmiş üzümlüklərə qulluq tədbirləri sistemində kəsmə əsas yeri tutur. Bu o demək deyildir ki, kəsmə ən çətin əməliyyatdır, çətinlik onun məqsədəuyğunluğunun və yaxud əksinə olmasının müəyyən edilməsindədir. Məlumdur ki, dolu vurmuş kol hissə-hissə kəsilməklə bərpa edilə bilər. Kəsməyə qədər bu əməliyyatın aparılması diaqnozunun verilməsi çox vaxt mübahisəli olur. Mübahisəni törədən səbəblər dolu vurmanın xarakteri, vaxtı və dərəcəsidir.
Dolu ilə zədələnmiş kollar zəiflədiyinə görə xəstəlik və ziyanvericilərə davamsız olur. Ona görə də doludan sonra torpağa müəyyən olunmuş miqdarda gübrə verməli və suvarılmalıdır. Torpaq yaxşıca becərilməlidir. Yaxın vaxtlarda gözlənilən xəstəliklərə qarşı profilaktik mübarizə məqsədilə dərman preparatları çilənməlidir. (Azərtac)