Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə bölgədə enerji təhlükəsizliyi ön plana çıxsa da, qlobal buğda ticarətində mümkün axsamalar digər kritik risk faktoru kimi önə çıxır.
FED.az xəbər verir ki, dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın 2019-cu ildə qlobal buğda ixracında təxminən 18% payı var. Misir isə 2,5 milyard dollarla Rusiyada istehsal olunan buğdanın əsas idxalçısı olub.
2019-cu ildə dünya buğda ixracında Rusiya və Ukraynanın ümumi payı 25 faiz təşkil edib.
Buğda ixracını əvvəlki ilə nisbətən 8,5% artıraraq 2021-ci ildə 8,8 milyard dollara çatdıran Rusiya, enerji ixracı asılılığından xilas olmaq üçün gələcək illərdə kənd təsərrüfatı sektoruna investisiyalarını artırmağı planlaşdırır.
Əsrlər boyu mühüm buğda istehsalçısı olan və Avropanın “çörək səbəti” kimi tanınan Ukrayna, dünyanın 5-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir.
İxrac marşrutu Qara dənizdir
Ukrayna daha çox Qara dəniz ixrac marşrutundan istifadə edir. Ukrayna yaxın qonşularına quru yolu ilə az miqdarda buğda ixrac edir. Ölkənin ixrac etdiyi buğdanın demək olar ki, hamısı Qara dənizdəki limanlardan daşınır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Ukraynanın buğda ixracının 95 faizi Qara dəniz üzərindən həyata keçirilir.
Analitiklər xəbərdarlıq edirlər ki, Rusiya və Ukrayna arasında mümkün münaqişə Qara dənizə sıçrayacaq və hətta regionda buğda ticarətində kiçik fasilələr olsa belə, qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər. (Marja)