Xaçmaz rayonunda müasir tipli intensiv meyvə bağlarının salınmasına maraq artıb.
Ərik bağı, yoxsa üzüm bağı? – HANSI BAĞI SALMAQ DAHA SƏRFƏLİDİR – İQTİSADİ MÜQAYİSƏ
FED.az xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 3720 hektara çatdırılıb.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu bağların 1340 hektarında şaftalı (nektarin), 928 hektarında gilas, 553 hektarında fındıq, 266 hektarında alma, 183 hektarında armud, 120 hektarında qoz və başqa meyvələr becərilir.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxa bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Xaçmazda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Təkcə son bir il ərzində 700 hektara yaxın intensiv meyvə bağları salınıb. İntensiv bağlara dövlət tərəfindən dörd il müddətində hər hektara görə 730 manat subsidiya verilir.
Xaçmazda yeni bağlar daha çox Quba və Qusar rayonları ilə həmsərhəd ərazilərdəki münbit torpaqlarda salınır. Xəzər dənizi istiqamətindəki nisbətən az məhsuldar ərazilərdə isə daha çox fındıq ağacları əkilir.
İntensiv bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də az olmalıdır. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur.
Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır. (Azərtac)