Respublikamızın hər guşəsi müxtəlif nemətlərlə zəngindir. Quba alması, Lənkəran-Astara sitrus meyvələri və çayı, Sabirabad qarpızı, Gədəbəy kartofu, Göyçay narı, Ağdaş heyvası ilə tanındığı kimi, Tərtərin Borsunlu kəndi də özünün ənciri ilə məşhurdur. Borsunlu ənciri nəinki Tərtər rayonunda, eləcə də ölkəmizin bütün regionlarında tanınır.
Qarpız əkənlərə pis xəbər - Azərbaycandan xaricə qarpız ixracı azalıb - QİYMƏTİ DÜŞÜB
FED.az xəbər verir ki, kənd sakini Vaqif Qədimov bildirib ki, yüksək olmayan dağ silsiləsinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşən Borsunlu kəndi Tərtərin ən qədim yaşayış məskənlərindəndir. Borsunluda əhalinin əsas məşğuliyyət növləri heyvandarlıq və əkinçilik olsa da, kənd sakinlərinin əsas qazanc mənbələrindən birini də əncir satışı təşkil edir. Odur ki, Borsunluda əncir ağacı olmayan ev, həyət yoxdur. Ona görə əncir Borsunlunun simvolu hesab edilir. Sakinlər həm ənciri qurudur, həm mürəbbə bişirir, həm də satışını həyata keçirirlər.
“Əncir tez xarab olan meyvədir. Onu uzaq məsafəyə aparmaq, bir neçə gün saxlamaq olmur. Yığıldıqdan sonra tez bir zamanda satılmasa və ya bişirilməsə, qurudulmasa xarab olur. Ona görə də, kənddə əncir qurudulan və ya emal edilən müəssisəyə böyük ehtiyac var”, – deyə V.Qədovov əlavə edib.
Kəndin digər sakini Şəfiqə Qədimova kənddə bir çox meyvələrin yetişdiyini desə də, onların arasında əncirin xüsusi yeri olduğunu bildirib: “Borsunlu ənciri özünəməxsusluğu ilə seçilir. Onun digər əncirlərdən fərqi tumsuz və şirin olmasındadır. Başqa əncirlərdən mürəbbə bişirəndə meyvənin hər kiloqramına özü qədər də şəkər tozu tökülür. Borsunlu əncirinin isə 5-6 kiloqramına 4 kiloqram şəkər tozu əlavə edilir. Borsunlu əncirinin mürəbbəsi daha gözəl və dadlı olur. Qurusu da gözəldir, eyni zamanda müalicəvidir, öskürəyə, boğaz ağrısına, mədə xəstəliklərinə şəfa verir”.
Kənd əhalisi əncirin meyvəsini dərib satır, qazanc əldə edirlər. Öyrəndik ki, Borsunlu əncirinin bir kiloqramını 1 manata, qurusu isə 3-5 manata təklif olunur. (Azərtac)