Əlverişli təsərrüfat sahələrindən biri də qabaq əkinidir. Bu tərəvəz bitkisindən fermerlər bir ildə dörd dəfə məhsul götürə bilirlər. Qərb bölgəsində son illər bu bitkinin becərilməsinə maraq artmaqdadır.
Bir hektar sahəyə 3 min manat xərc çəkirlər - SATIŞI 70 QƏPİKDƏN BAŞLADI - FOTOLAR
FED.az xəbər verir ki, qabaq Tovuz rayonunda yalnız Hunanlar kəndində və ətraf ərazilərdə əkilir. Susevər olduğundan əsasən Kür çayının yaxınlığında, ya da su hövzələrinə yaxın torpaq sahələrində becərilir. Erkən yazda qapalı istixana şəraitində becərilən qabağı, havalar istiləşəndə açıq sahələrdə əkirlər.
Hər gün səhər sübh tezdən günün qızmar saatlarına qədər qabaq sahəsində yığım aparılır. Yığılan tərəvəz daha sonra elə sahədəcə qablaşdırılır. Qabağın bu növünə el arasında “kabaçki” də deyirlər.
Bu bitki ölkəmizdə çox az sahədə becərilir. Toxumu isə xarici ölkələrdən gətirilir. Yaz aylarında səpilən toxum 40 gündən sonra məhsul verir. Yığım isə payızın sonlarına, havalar soyuyana qədər davam edir.
Tez xarab olduğu üçün təsərrüfat sahibləri onu sahədən toplayan kimi satırlar. Təsərrüfat sahibi Səməndər Quliyev deyir ki, qabaq olduqca gəlirli bitkidir. Lakin az tanındığı üçün alıcısı da azdır. “Çox adam tanımır deyə, yerli bazarda alıcısı azdır. Ona görə də məhsulumuzu əsasən Bakı bazarlarına satırıq. Orada alış yaxşıdır. Alıcı qüvvəsi az olsa da, bu il məhsuldarlıq çoxdur. Bu il 30 sot sahədə əkmişəm. Alıcı qüvvəsi çox olsa, daha çox əkərəm”, - deyə Səməndər Quliyev bildirir.
Qabaq əkən torpaq sahibləri deyirlər ki, alıcı qabiliyyəti artarsa, sahələri genişləndirib hətta xaricə də məhsul ixrac edə bilərlər. Bitkiyə düzgün aqrotexniki qulluq göstərilsə, hektardan 10-15 ton məhsul götürmək mümkündür. Fermerlər bitkiyə vaxtlı-vaxtında qulluq edildiyini, buna görə də məhsuldarlığın yaxşı olduğunu bildirirlər. Bir hektar sahəyə təxminən 1200 manat pul xərcləyib, 10 min manata qədər gəlir əldə etmək olur.
“İldə dörd dəfə əkirik. Bir qutu toxum alırsan, 7-8 sot sahəyə bəs edir. Amma birinci müştəri olmalıdır. Gün ərzində elə olur ki, kənddən satışa 6-7 ton məhsul çıxarılır”, - deyə fermer Yaşar Abdullayev əlavə edir.
Hazırda yığılan qabağın bir kiloqramının qiyməti 70-80 qəpikdir. Bu da təsərrüfat sahiblərini qane edir. Fermerlərin istəyi isə məhsullarını gələcəkdə xarici ölkəyə ixrac etməkdir. Bunun üçün isə bitki əhali arasında tanınmalı, ona tələbat yaranmalıdır. Sonra ixrac barədə də düşünmək olar.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən isə bildirildi ki, hazırda qabaq bitkisinə maraq əvvəlki illərə nisbətən artmaqdadır. Gələcəkdə tərəvəzin bu növünü fermerlər daha geniş sahələrdə əkərsə, onun xaricə ixracı da mümkündür.
Qabağın bir çox faydası var. Belə ki, bu tərəvəz zob, şəkər xəstəliyi, mədə-bağırsaq problemləri, qan təzyiqi olanlar üçün çox xeyirlidir. (Azərtac)