Tovuzda yerkökünün kütləvi yığımına başlanılıb. Qərb bölgəsində, əsasən Tovuz rayonun Hunanlar kəndində becərilən bu bitkinin məhsuldarlığı bu il yaxşıdır.
Torpaqda nə əkmək sərfəlidir, kartof, yoxsa yer kökü? – HESABLAMA, MÜQAYİSƏ
FED.az xəbər verir ki, rayonunun Kür qırağında yerləşən Hunanlar kəndində uzun illərdir sakinlər əsasən kök becərilməsi ilə məşğuldurlar. Hər il məhsullarını toplayan təsərrüfat sahibləri kökü xarici bazarlara ixrac edirlər. Aprelin sonlarından məhsul yığımına başlayan kənd sakinləri hazırda qiymətlərin keçən ilin eyni dövrü ilə müqayisədə ucuz olduğunu deyirlər. İndi kökün bir kiloqramını 70 qəpikdən satan sahibkarlar ötən ilin eyni dövründə kökün bir kiloqramını 1 manata satıblar. Məhsul isə, əsasən Rusiya və Ukrayna bazarlarına çıxarılır.
“Yığımı zəif aparılır. Çünki alıcı qüvvəsi azdır. Kök elə bir məhsuldur ki, alıcı olduqca yerdən çıxarmalıyıq. Tez xarab olan bitkidir. İndi çıxardığımız faraş məhsuldur. Məhsulumuzun hələ üçdə bir hissəsi torpaqdan çıxıb. Qiymətlər bizi qane etmir”, - deyə təsərrüfat sahibi Xumar Abbasova bildirib.
Hunanlar kəndində demək olar ki, hər bir ailə kök becərir. Təsərrüfat sahibləri bir hektar sahəyə ümumilikdə 3 min manat xərc çəkirlər. Qış aylarında örtülü şəraitdə becərilir, yazda havalar istilənəndə isə sellofan örtüklər götürülür, aprelin sonu mayda isə yığımına başlanır.
Fermerlər deyir ki, sahədən yığılan kökün bir qismi təmizlənir, alıcılar tərəfindən içərisindən standartları seçilir deyə müəyyən hissəsi itkiyə gedir. Təxminən 1 ton kökdən 600-700 kiloqramı sağlam məhsul kimi qablaşdırılıb, ixraca göndərilir.
“Bu illə müqayisədə ötən il alıcı qüvvəsi yaxşı idi. Bu il amma çox zəifdir. Keçən il qiymətlər 1 manatdan başlamışdı, 70 qəpikdə qurtardı. Bu il amma 70 qəpikdən başladı, neçədə qurtaracaq bilinmir. 10 ton köküm var, üç gündən bir 1 ton yığıram. Bu da elə bir məhsuldur ki, vaxtında yığıb çatdırmadınsa xarab olub gedir. Paytaxta az satış edirik. Gün ərzində bu kənddən Bakıya 1-2 ton kök çıxarılır, əsasən məhsulumuzu Rusiyaya göndəririk”, - deyə fermer Rövşən Qəşəmov vurğulayıb.
Sakinlər kökü mexaniki üsulla, əl əməyi ilə, sahəyə su buraxıldıqdan sonra toplayır. Belə olanda kökü torpaqdan çıxarmaq da asan olur. Lakin bununla da iş bitmir. Məhsulu təsərrüfat sahibləri anbara gətirdikdən sonra da işin növbəti prosesi aparılır. Torpaqdan çıxarılan zaman palçıqlı olan bitki bazara hazırlanarkən xüsusi məkanlarda yüksək təzyiqli su şırnaqları ilə yaxşıca yuyulur, təmizləndikdən sonra məhsul bir-bir qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir. Kök elə bir bitkidir ki, onu yuyub qablaşdırdıqdan sonra cəmi bir neçə gün saxlamaq olur. Bu dövrdən sonra sürətlə xarab olmağa başlayır.
Ötən il Tovuzda 217,5 ha sahədə yerkökü əkilib, bundan da 6 min tondan çox məhsul istehsal edilib. 63 hektar sahədə isə süfrə çuğunduru əkilib, ondan isə 1332 ton məhsul əldə olunub. Cari ildə isə yerkökü sahəsi bir qədər də artırılaraq 239 hektar sahədə əkilib. Yığım isə hazırda davam edir.
Qeyd edək ki, Tovuzun Hunanlar kəndində yayın ortalarına qədər kökün sahələrdən yığımı davam edəcək. (Azərtac)