Azərbaycanda balıqçılıq sahəsinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı mühüm yenilik baş verib – bu sahənin inkişafı Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar fərman imzalayıb. Fərmanın əsas bəndlərindən biri – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılması olub.
Fərmana əsasən yenilikdə məqsəd ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsidir.
“Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərəcək. Mərkəzin fəaliyyətə başlaması üçün büdcədən 1 milyon manat nizamnamə fondu ayrılıb.
Balıqçılıq sahəsinə nəzarətin və tənzimləmənin KTN-ə həvalə edilməsi ilə məsələ bitməyəcək.
Fərmandan ayın olur ki, balıqçılıq sektorunda ciddi yeniliklər başlayır. Əvvəla balıqçılıq kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid ediləcək, eləcə də bu sahəyə dövlət dəstəyi veriləcək. Hər halda fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayıb prezidentə təqdim edəcək.
Bundan başqa, balıqçılıq təsərrüfatlarının yaradılması prosesi sadələşdiriləcək. Qeyd edək ki, bu sahədə əsas problem müvafiq təyinatlı torpaq sahələrinin mövcud olmaması idi. Nəticədə ölkədə minlərlə balıqçılıq təsərrüfatı olduğu halda, onların əksəriyyətinin torpaq sənədləri qaydasında deyildi.
İndi isə, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında, balıqçılıq təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri barədə təkliflər hazırlayacaq.
Bundan başqa, hökumət balıqçılıq təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi barə təkliflər hazırlamalıdır.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, KTN-nin balıqçılıq sahəsində funksiyalarının həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri həll ediləcək. O cümlədən digər dövlət orqanlarının KTN-nin balıqçılıq istiqaməti üzrə fəaliyyətinə xidmət edə bilən dövlət əmlaklarının inventarizasiyası aparılacaq və onları KTN-nin balansına veriləcək.
Eyni zamanda bu fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturu da təkmilləşdiriləcək və büdcədən bunun üçün nazirliyə vəsaitlər də ayrılacaq.
Bu sahədə maraqlı yeniliklərdən biri balıqçılıq təsərrüfatlarının, habelə balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin elektron sistemdə qeydiyyatı alınması olacaq. Belə ki, həmin təsərrüfatlar KTN-nin indiyədək mövud olan. “Elektron kənd təsərrüfatı” informasiya sistemində - EKTİS-də qeydiyyata alınacaq. Bununla bağlı olaraq həmin sahədəki sahmbkarlar məlumatlandırılacaq və sistemdə “balıqçılıq” altsistemi yaradılacaq.
Yeni fərmana əsasən balıq və digər su bioresurslarının ovu üçün icazələrin verilməsi də Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
Fərmana əsasən Azərbaycanda şəhərlərdə və Xəzər dənizi sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili də nəzərdə tutulur.
Fərmanda Kənd Təsərrüfatı Nazirliyinə verilən səlahiyyətlər arasında şəhərlərdə və Xəzər dənizi sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılmasına razılıq verilməsi də əlavə edilib.
Fərmana əsasən ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək səlahiyyəti də KTN-ə verilib.
Bundan başqa, həmin torpaq sahələrinin kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsi və KTN-nin səlahiyyətinə aid edilib.
Fərmanla digər mühüm bəndlərdən biri ölkədə əmtəə balıqçılığının yaradılması, nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması tədbirlərini görmək də nazirliyə həvalə edilib.