Lənkəran rayonunun Talışlı kənd sakini həyətyanı sahəsində bambuk bağı salıb. Otuz ildən çoxdur Talışlıda yaşayan Eynulla Calalov Azərbaycanda bu işlə məşğul olan yeganə şəxsdir ki, həyətyanı torpaq sahəsində mindən çox bambuk ağacı yetişdirir.
Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir - FOTOLAR
FED.az xəbər verir ki, Eynulla Calalov 1992-ci ildə Lənkəranın Talışlı kəndinə köçüb, bu ərazini satın alaraq burada bambuk əkməyə başlayıb. Deyir ki, buralarda bambuk ağacları hələ sovetlər dönəmində yetişdirilib. Gürcüstandan gətrilən bu bitki balıqçılıq təsərüfatlarında istifadə üçün nəzərdə tutulubmuş. Təsərrüfat sahibinin sözlərinə görə, su kənarlarında kol-kos arasında bir neçə bambuk kökləri qalmışdı. Məhz o köklərdən istifadə edib, bambukları çoxaltmağa başlayıb.
“Bambuk ağacı bir çox xüsusiyyətlərinə görə digər bitkilərdən fərqlənir. Bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər qalxır, 45 il sonra toxum verir. Bizim şəhərə ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olduğu üçün bu bitki bizim bölgəyə tez uyğunlaşıb. Hələ ki, bu bitkinin toxum verdiyini görməmişəm, ağacları əsasən kök vasitəsi ilə çoxaldıram. Çox qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunsa, 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayır və möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Çox qiymətli ağacdır. Mübül sənayesi üçün əhəmiyyətli bitkidir” , - deyə təsərrüfat sahibi bildirir.
Hind qamışı kimi də tanınan bambuk dünyanın ən sürətli böyüyən bitkisi hesab olunur. Eynulla Calalovun bambuk bağı həm də cənub bölgəsinə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır: “Çinlilər bu “ağaca həyat” ağacı deyirlər. Çox adam gəlib bu gözəlliyi görəndən sonra bambuk təsərrüfatı qurmaq eşqinə düşür. Amma çətin və zəhmət tələb etdiyi üçün, elə maraq olaraq da qalır. Mən isə səbir və əzmlə bu işi davam etdirirəm. Elə buna görə də bambuk təsərrüfatı ilə məşğul olan yeganə təsərrüfatçıyam”.
Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammaldır. Usta bambukdan daha çox stol, stul, kreslo, kitab rəfi kimi əşyalar hazırlayır. Bunlardan bir neçə günə ərsəyə gələni də var, bir neçə aya bitəni də.
Bildirir ki, bambukdan əl işləri hazırlamaq olduqca çətindir. Bir masa komplektinin hazırlanmasına ən azı bir ay yarım vaxt sərf olunur.
Eynulla ustanın bambukdan düzəltdiyi əşyalar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb. (Azərtac)