2020-ci ildə, 2019-cu ilin payızında və 2020-ci ilin yazında aparılan əkinlərə, 2020-ci ildə istehsal edib tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, 2020-ci ildə süni mayalanma yolu ilə alınmış hər buzova, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına, saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 277,84 milyon manat məbləğində subsidiya verilib.
Eləcə də bax: Dizelin bahalaşmasına görə fermerlərə - Subsidiyalar Artırılacaq
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən il ölkə üzrə 409 141 istehsalçıya becərdikləri əkinlərə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 232,936 milyon manat məbləğində əkin subsidiyası verilib. 23 rayon üzrə 16 683 pambıq istehsalçısına pambıq emalı ilə məşğul olan şəxslərə təhvil verdikləri 283,62 min ton xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 28,361 milyon manat məbləğində subsidiya verilib. 12 rayon üzrə 453 tütün istehsalçısına 2,44 min ton quru tütünə, 21,29 min ton yaş tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 228,6 min manat məbləğində subsidiya ödənilib. 17 rayon üzrə 169 şəkər çuğunduru istehsalçısına 187,38 min ton şəkər çuğunduruna görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 749,5 min manat məbləğində subsidiya verilib.
Bundan başqa 4 955 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 431,58 ton yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2,158 milyon manat məbləğində subsidiya verilib.
Habelə 44 433 heyvan sahibinə süni mayalanma yolu ilə alınmış 83 895 baş buzova görə dövlət büdcəsinin vəsaiti hesabına 8,389 milyon manat məbləğində heyvan subsidiyası, 22 287 nəfər arıçıya 501 718 arı ailəsinə görə 5,017 milyon manat məbləğində subsidiya ödənilib.
Pambıq, şəkər çuğunduru, tütün məhsulları və eləcə də süni mayalanma üzrə ödənişlərin aparılması 2021-ci ilin yanvar ayı ərzində davam edib. (Report)