Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Təhsil, Elm, Tədqiqat və Dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant layihələri çərçivəsində fındıq qərzəyindən üzvi gübrə kimi istifadənin perspektivləri araşdırılıb.
“Krım”, “Romanovka”, “Öküzürəyi” - kiloqramını 4 manata alıb, Rusiyaya - GÖNDƏRİRLƏR
FED.az-ın məlumatına görə, layihənin rəhbəri Altay Dəmirzadə bildirib ki, ölkə üzrə əhəmiyyətli ixrac payına malik olan sahələrdən biri də qərzəkli meyvəçilikdir. Bu sahədə ilk yeri tutan təbii ki, fındıq bağlarıdır.
"Biz onları heyvan qanı ilə bəsləyirik, birini 50-52 sentdən satırıq" - İŞ ADAMI İLƏ MÜSAHİBƏ
Qərzəkli meyvələrə dünya bazarında tələbatın ildən-ilə artmasını nəzərə alaraq, ölkəmizdə də son illərdə yeni fındıq bağlarının salınması və köhnə bağlarda məhsuldarlığın yüksəldilməsi sahəsində mühüm işlər görülür. Bu günə olan statistikaya görə, ölkə ərazisində fındıq bağlarının ümumi sahəsi 80 min hektara yaxındır ki, bunun da təxminən 50 min hektara yaxını bar verən bağlardır. Təkcə ötən il respublika ərazisində 840 hektar yeni fındıq bağları salınıb. Ümumilikdə 2021-ci ildə Azərbaycanda 67 min tondan çox fındıq yığılıb. Bu məhsulun da böyük hissəsi ixrac olunub. Ötən il ölkəmiz fındıq istehsalı və ixracına görə dünyada 3-cü yeri tutub. Bütün bu rəqəmlər fındıq bağlarının artırılmasına və bu sahənin inkişaf etdirilməsinə böyük maraq yaradır.
Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU
Onun sözlərinə görə, ilkin olaraq, məhsul yığımı zamanı yaranan və tullantıya atılan fındıq qərzəyini orqanik növ gübrəyə çevirə bilmək potensialı araşdırılıb: “Avqust-sentyabr aylarında fındıq yığımı zamanı meyvənin üzərində olan yaşıl qərzək tullantıya çevrilir. Bar verən bağlarda ümumilikdə yığılan məhsulun miqdarına nəzər saldıqda, ilkin hesablamalara görə, bu, hər il min tonlarla fındıq qərzəyi deməkdir. Əgər, biz bu qərzəyin laboratoriya şəraitində üzvi gübrəyə çevrilməsini təmin edə bilsək, il ərzində yüz tonlarla orqanik gübrə ala bilərik. Əldə olunacaq yeni növ məhsul, yəni gübrə orqanik olduğu üçün əkin və bağ sahələrinin becərilməsində xüsusilə faydalı sayıla bilər”.
Fındıqçılıq rayonlarında araşdırma zamanı məlum olub ki, bağlardan məhsul yığıldıqdan sonra xüsusi texnikalarla sürətli formada qərzəkdən təmizlənir. Yerdə qalan fındıq qərzəyi isə əksər hallarda yandırılaraq, məhv edilir. Altay Dəmirzadə bildirib ki, hər il min tonlarla qərzək tullantısı yarandığını və bütün bu tullantının yandırılaraq məhv edildiyini nəzərə alsaq, bu məsələ ekoloji cəhətdən də ətraf mühitə mənfi təsir edir. Halbuki alınan qərzək tullantısını toplayaraq, istehsal prosesinə cəlb etmək olar. Bununla da, ilk növbədə, fermerlər və həyətyanı sahədən məhsul toplayan insanlar qərzəyi gərəksiz yerə yandırmadan, daha faydalı bir iş üçün yönəldə bilərlər. Digər tərəfdən, ətraf aləm ekoloji ziyan yaradan tüstüdən və gərəksiz tullantılardan azad olar.
Hazırda layihə yekunlaşmaq üzrədir. Qərzək tullantısından üzvi gübrənin müxtəlif bitkilər altında sınağı da planlaşdırılır. Nəticələr uğurla tamamlanarsa, qarşıdakı illərdə fındıq qərzəyinin üzvi gübrə kimi istehsalı həyata keçirilə bilər.
Altay Dəmirzadə qeyd edib ki, layihənin tədqiqat mərhələsində fındıqçılıq üzrə ixtisaslaşmış Qəbələ, Zaqatala və Xaçmaz rayonlarına səfərlər çərçivəsində yerli sakinlər, böyük fermer təsərrüfatı sahibləri ilə aparılan müzakirələr, insanların layihəyə olan marağı bu işin fındıqçılıq bölgələri üçün faydalı ola biləcəyinə ümid yaradır. Digər tərəfdən, torpaq münbitliyinin qorunması və dayanıqlı istifadəsinə böyük töhfə verə bilər.