Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli əhalinin və iş adamlarının məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi İsmayıllı, Oğuz və Qəbələ rayonlarında fermerlərlə görüşlər keçirib.
Eləcə də bax: Aqrar Sığorta Fondu Gədəbəy və Şəmkirdə fermerlərlə - Görüşlər Keçirib
Fonddan FED.az-a bildiriblər ki, görüşlərdə fermerlərə və bu rayonlarda çalışan sahibkarlara aqrar sığortanın iş prinsipi və şərtləri barədə məlumat verilib, faydaları və üstünlükləri izah edilib.
Yerli icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaxından dəstəyi ilə təşkil edilən görüşlərdə bildirilib ki, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ildə imzaladığı müvafiq Fərmanla yaradılıb. Fondun fəaliyyətində məqsəd, kənd təsərrüfatındakı riskləri fermerlər üçün əlverişli şərtlərlə sığortalamaq, bununla da aqrar sahədə biznes və investisiyalar üçün təhlükəsiz mühit yaratmaqdır.
Qeyd edilib ki, hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışları, 14 bitki növünü (buğda, arpa, qarğıdalı, çəltik, limon, naringi, portağal, üzüm, fındıq, kartof, tütün, pambıq, çay və şəkər çuğunduru), eləcə də balıq təsərrüfatlarını sığortalamaq mümkündür. Bundan başqa, aqrar sığorta vasitəsilə ağaclar - kollar, tinglər və şitilləri də sığortalamaq olar.
Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, hazırda aqrar sığorta mexanizmi bitkiləri və heyvanları ən vacib risklərdən və təbiət hadisələrindən qoruyur. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85 faizini əhatə edir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizini dövlət ödəyir, başqa sözlə, iş adamları kiçik məbləğ ödəməklə öz təsərrüfatlarını sərfəli şərtlərlə sığortalaya bilərlər.
İş adamlarına məlumat verilib ki, aqrar sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi ilə yanaşı, fermerlərin payına düşən məbləğin də hissə-hissə ödənilməsi mümkündür.
Görüşlərdə Oğuz, İsmayıllı və Qəbələ rayonlarında geniş yayılan taxıl, fındıq, üzüm, kartof və digər bitkilərin, eləcə də mal-qaranın sığortalanması ilə bağlı geniş məlumat verilib, fermerlərin sualları cavablandırılıb.
Diqqətə çatdırılıb ki, qarşıdakı aylarda sığortalanan məhsulların siyahısının genişlənməsi, buraya ətlik mal-qara, qoyun və keçi təsərrüfatları, əksər meyvə-tərəvəzlər, gələcəkdə arı ailələrinin də əlavə ediləcəyi nəzərdə tutulur.
Nəticədə sığortalanan bitki növlərinin sayı 14-dən 40-a çatdırılacaq.
Görüşdə xatırladılıb ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.
Bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna və ya bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.