Yeyilərkən ağız turşudan, çoxumuzun sevdiyi meyvə olan alça ən çox yaşıl halda istehlak edilir. Uşaqdan böyüyə hər kəsin sevimli yaz qidası, bu fəslin ən çox istifadə edilən meyvəsidir.
Eləcə də bax: Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti - NİYƏ DÜŞMÜR?
FED.az xəbər verir ki, Ağstafa rayonunda da artıq bir müddətdir alça bağlarından yığıma başlanılıb. Havalar yağıntılı keçdiyindən alça ağacları da yaxşı bar gətirib. Amma bol məhsul götürmək üçün bu, kifayət etmir. Alça ağaclarından istənilən məhsuldarlığı əldə etmək üçün aqrotexniki qulluq da vacib şərtlərdəndir.
Fermerin bağda becərdiyi alçalar məhsuldar, calaq vurulmuş “Naxçıvan göycəsi” adlanan sortdur. Bağ sahibi növbəti il ağacların sayını artırmağı düşünür. Satışa gəldikdə, qiymətlər fermeri qane edir. Elə bağdan məhsulu yığıb, 3 manatdan satışını həyata keçirir.
“Yeni tinglər də əkmişəm. Gələcəkdə alça ağaclarının sayını artırmaq fikrindəyəm. Mənim bağım 3 illikdir. Hazırda bir ağacdan 15-20 kiloqram məhsul götürürəm. İldən-ilə ağaclar böyüdükcə məhsuldarlıq da artır. Meyvə bağına vaxtlı-vaxtında qulluq etmək lazımdır. Vaxtında zərərvericilərə qarşı dərmanlama işləri görülməlidir”, - deyə S.Babayev əlavə edib.
Yaşıl alçanın faydalı xüsusiyyətləri də çoxdur. Belə ki, bu meyvə təbii antioksidantlarla zəngin olduğundan insan orqanizmini ziyanlı maddələrdən təmizləyir. Alçanın tərkibində bir çox faydalı maddələr - orqanik turşular, vitaminlər, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. var.
Alça və alçadan hazırlanan souslar yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Yaşıl alça həzm prosesini yaxşılaşdırır, insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Lakin bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər. Bundan əlavə, alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir göstərir, mədədə ağırlıq, köp və sair xoşagəlməz hallara gətirib çıxarır. (Azərtac)