“Ötən il Rusiyaya pomidor sata bilmədiyimə görə 150 min manat ziyan gördüm”
Ölkədə pomidorun bahalaşmasının səbəbləri - AÇIQLANIB
Bunu FED.az-a açıqlamasında Göyçay rayonunun Cəyirli kənd sakini fermer Əli Mahmudov deyib.
Fermerin sözlərinə görə, keçən il koronavirus pandemiyası səbəbilə Rusiya ilə yollar bağlı olduğu üçün 150 ton məhsulunu ölkəyə icxrac edə bilməyib. Sahibkar buna görə pomidoru yerli bazarda 10 qəpiyə satmağa məcbur qalıb:
Azərbaycandan Rusiyaya pomidor ixracı - KƏSKİN ARTIB
“Keçən il yolu bağladılar. Dedilər ki, məhsulunuzu aprelin 15-ə kimi xaricə ixrac edə bilərsiniz. Həmin məhsulun yetişdirilməsinə 27 min 883 manat xərc çəkmişdim. Beləcə pomidoru gömrükdən keçirə bilmədim. Sonra Gömrükdən dedilər ki, hər maşına 5 min dollar, yəni 8 min 500 manat versəniz məhsulu keçirə bilərsiniz. Təsəvvür edin, hansı şirkətlərə ki icazə verilmişdi, onlar bizdən 5 min dollar pul istəyirdi məhsulumuzu gömrükdən keçirtmək üçün. O pul isə biz fermerlərdə yoxdur. Siz özünüz də maraqlanan bilərsiniz, vəziyyət gömrükdə bu gün belədir. Ona görə daha pomidor yetişdirmirəm».
Uzun illərdi bu bu sahədə çalışan fermer bildirib ki, onların məhsulu xarici, xüsusilə Rusiya bazarı üçün nəzərdə tutulub. Lakin hələ də yollar bağlı olduğuna görə yenə də ötən ilki kimi ziyanla üz-üzə qalıblar. İndi kartof yetişdirən fermer bildirir ki, bu məhsuldan gözləntisi 90 tondur. Lakin Rusiyaya daşınma ayın sonuna kimi bərpa olunmasa bu mövsümü də zərərlə başa vurmuş olacaq: «58 sot ərazidə 90 tonluq kartofun yetişməsi üçün 26 min manat xərc çəkmişəm. İndi yollar açılmasa mən yenə də zərər görmüş olacam. Təsəvvür edin, hər kiloqramını 3 manata satacağım kartofdan nə qədər ziyan görəcəm. Onda da məcburam ki, kartofu yerli bazara dəyər dəyməzinə - 1 manata, ya da daha aşağı qiymətə satım».
Azərbaycandan pomidor ixracı 2 dəfəyə yaxın - ARTIB
Əli Mahmudov bildirir ki, Göyçayda belə hallara görə zərər görən təkcə o deyil, burada çox sayda sahibkar eyni vəziyyətdədir: «Bu ilk belə hal deyil. Kiyevə xurma göndərmək istəyəndə də 82 min manat ziyana qalmışdım. Gömrük onu da buraxmamışdı. İndi də kartof Rusiyaya göndərilməsinə icazə verilməyən 25 məhsul içərisindədir. Deməli yenə də ziyanla üz-üzəyəm. Son iki ildə ancaq ziyana işləyirəm».
İş adamı başqa bir problemi də – mazutun bahalaşması ilə bağlı yaranan çətinliyi də açıqlayıb. 250 min manat vəsait xərcləyərək istixana quran sahibkar istixananı normal qızdıra bilmədiklərinə görə məhsulun ya çox gec yetişdiyini, ya da tələf olduğunu deyib: «İstixanalar ya qazla işləyir, ya da mazutla. Mən 68 min dolar xərcləyib Türkiyədən həm mazut, həm də qazla işləyən aparat almışam ki, problemim olmasın. Ancaq bu gün onu işlədə bilmirəm. Çünki indi qaz baha, mazut isə ondan da bahadır. Qızdırıcı qurğu gündə 1,3 ton mazut sərf etməlidir. Əvvəl 15 qəpiyə olan mazut indi 45 qəpiyə qalxıb. Mən gündəlik 1,3 ton mazutu belə qiymətlə necə qarşılayım? Ona görə məcbur qalıb taxta sexlərindən tullantı (aplika) yığıb yandırıram ki, heç olmasa məhsulu şaxtadan qoruyaq».
Əli Mahmudov deyir ki, istixanasına qaz çəkdirmək istəsə də problemlə üzləşib, baxmayaraq ki, qaz xətti istixananın yaxınlığından keçir: «Mən bu problemlərə görə məhsulumu hələ də yetişdirə bilməmişəm. Əgər istixananı kifayət qədər qızdırma imkanım olsaydı məhsul ötən aya satışa hazır olardı».
Fermer süni maneələrin aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib, bildirir ki, fermerlər üçün mazutun qiyməti endirilməli, ya da qaz çəkilişi sadələşməli, buradakı mənfi hallar aradan qalxmalıdır.