Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də operativlik və əlçatanlığın artırılması, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Dövlət başçısının daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-ci il tarixli Fərmanı ilə daşınmaz əmlakın qeydiyyatına aid hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün bir sıra sənədlər hüquqi status qazanaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas hesab edilib.
Fərman daşınmaz əmlakın qeydiyyatı prosesini daha da asanlaşdırmaqla, hüquqi baxımdan daşınmaz əmlak sahiblərinin sayının artmasına təkan verəcək. Fərmanda əksini tapan dəyişikliklər əsasında 100 minə yaxın sənədsiz evin qeydiyyata alınması gözlənilir.
Yeni tənzimləmələrə uyğun olaraq, yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib.
Daha bir dəyişiklik yerli icra hakimiyyəti başçılarının ərazi üzrə nümayəndəliklərinin torpaqayırma qərarları ilə bağlıdır. Əvvəllər yerli icra hakimiyyəti başçılarının “torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə verdiyi barədə” sərəncamı olmadığı təqdirdə həmin nümayəndəliklər tərəfindən qəbul edilmiş qərarlar hüquqların qeydiyyatı üçün əsas hesab edilmirdi. Fərmanla bu məhdudiyyət aradan qalxıb. Yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar (torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini yerli nümayəndəliklərə verdiyi barədə icra başçısının sərəncamının olub-olmamasından asılı olmayaraq) çıxarış üçün əsas sənədlər siyahısındadır.
Sovxoz və kolxozlar tərəfindən ayrılmış həyətyanı torpaq sahələrinə dair sənədlərlə yanaşı, (sovxoz əmrləri və kolxoz qərarları) digər kənd təsərrüfatı müəssisələrinin əmrləri də hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əlavə edilib.
Dəyişikliklərə əsasən yaşayış sahələrinin verilməsinə dair zəhmətkeş deputatları sovetlərinin qərarları hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib. Artıq rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları ilə yanaşı, bu sənədlər də yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi üçün əsas sayılır. Daha bir dəyişiklik müvafiq yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri ilə bağlıdır. Həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərildiyi halda, torpaq sahəsi də mülkiyyətə veriləcək, ölçü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla hüquqların qeydiyyatı aparılacaq.
Fərmanda əksini tapan daha bir sənəd yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə icra hakimiyyəti orqanlarının sərəncamlarıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi 10 avqust 2004-cü il tarixinədək olan dövrdə verilmiş bu sərəncamlarda yaşayış evi tipli mənzillərin sökülməsi və onların yerində fərdi yaşayış evinin tikilməsi məsələləri tənzimlənir.
Fərman yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə rayon icra hakimiyyəti orqanları tərəfindən 10 avqust 2004-cü il tarixinədək verilmiş qərarlar və fərdi yaşayış evinin rayon icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi əsasında mülkiyyət hüququnun qeydiyyatını da nəzərdə tutur. Burada da torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı layihədə həmin torpaq sahəsinin ölçüsü göstərildiyi təqdirdə aparılır. Layihədə torpağın ölçüsü göstərilmədiyi və ya layihə olmadığı hallarda isə yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülərək qeydiyyat aparılır.
Fərmana əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarışlar əsasında verilmiş arayışlar qeydiyyat üçün sənədlər sırasına daxil edilib.