İmişli rayonu ərazisində torpaq və təbii ehtiyatlardan qanunsuz istifadə hallarının, xüsusilə Araz çayı məcrasında və sanitar mühafizə zonasında yerləşən ərazilərdə aparılan qanunsuz qum-çınqıl hasilatının qarşısının alınması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq ardıcıl tədbirlər görülür.
FED.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İmişli Rayon Polis Şöbəsi, bələdiyyə sədrləri və aidiyyəti üzrə nümayəndəliklərin təmsilçilərinin daxil olduğu Komissiya yaradılıb.
Komissiya tərəfindən 26–29 mayda aparılmış monitorinqlər zamanı İmişli rayonu ərazisində torpaq qanunvericiliyinin və yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar edilmiş, o cümlədən qum-çınqıl hasilatının müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi müəyyən olunub.
Nəticədə, Komissiyanın keçirdiyi monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının hər biri ilə bağlı qanunauyğun hüquqi tədbirlər görülməsi məqsədilə aktlar tərtib edilərək aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara məktublar göndərilib.
Qeyd edək ki, aparılmış monitorinqlər zamanı qeydə alınmış foto materiallar qanunsuz fəaliyyətin miqyasını və ətraf mühitə vurulan ziyanın ciddiliyini əyani şəkildə əks etdirir. Hazırda monitorinqlər nəticəsində qanunsuz fəaliyyəti aşkar edilmiş qum-çınqıl karxanalarının texnika və avadanlıqları, İmişli RİH və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılaraq fəaliyyətləri dayandırılır.