Ədliyyə Nazirliyi son 6 ayda “Elektron Hərrac Portalı” (www.herrac.gov.az) vasitəsilə əldə olunan nəticələri açıqlayıb.
Hərrac prosesi rəqəmsallaşandan sonrakı yarım ildə ümumi dəyəri 100 milyon manata yaxın olan 140 əmlak satılıb.
308 vətəndaş və şirkət artıq bu imkanlardan yararlanıb.
FED.az xəbər verir ki, yerli ekspertlər məhkəmə qərarlarının icrası ilə bağlı yaradılan bu resursun fəaliyyətini müsbət qiymətləndiriblər.
Azərbaycan Milli İnternet Forumunun rəhbəri, İKT sektoru üzrə tanınmış ekspernt Osman Gündüz elektron hərracın və bu sistemin üstünlüklərini qeyd edib.
«Bütün bunlar əlbəttə, təkcə məhkəmə qərarlarının icrasını sürətləndirməyib, eyni zamanda vətəndaşlar üçün də yeni imkanlar yaradıb.
Hər bir şəxs bu prosesdə iştirak edə bilir. Bunun üçün sadəcə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq, 15 manat rüsum ödəmək və hərraca çıxarılan əmlakın kiçik faizi həcmində beh ödəmək lazım gəlir. Hər hansı xüsusi rəqəmsal bacarıqlara ehtiyac yoxdur. Hərrac açıq auksion formasında elektron qaydada keçirilir.
Beh sonradan geri qaytarılır.
Xatırladıram ki, əvvəllər bu proses yetərincə qapalı, separat sövdələşmələr və öncədən müəyyən olunanların qalib gəlməsilə başa çatırdı.
Məhkəmə qərarları ilə müsadirə olunan daşınar və daşınmaz əmlakların (avtomobil, mənzil, qeyri-yaşayıs sahəsi, fərdi evlər və s.) necə satılmasından, kimə satılmasından heç kimin xəbəri olmurdu.
Heç bir hesabatlılıq və şəffaflılıqdan söhbət gedə bilməzdi. Adi bir vətəndaşın bu prosesdə iştirakı və uğur qazanması ehtimalı sıfra bərabər idi.
İndi məlum olur ki, o zaman deyilənlər doğruymuş, həqiqətən də hərracda milyonlar dövr edirmiş.
Elə idi də hərrac elanlarına göz gəzdirəndə milyonluq, yüz minlərlə dəyəri olan əmlakların və avtomobillərin daha sərfəli qiymətə hərraca çıxarıldığını görmək olar.
Düşünürəm ki, bu prosesi diqqətlə izləməklə və iştirak etməklə xeyli uğur əldə etmək mümkündür.
Yalan-doğru, bəzi dairələrdə danışırdılar ki, hərracın rəqəmsallaşmasının qarşısını almaq məqsədilə nazir Fərid Əhmədova təsir etmək üçün də cəhdlər olub.
Lakin göründüyü kimi artıq bu sistem oturuşub. Ədliyyə Nazirliyi yetərincə mükəmməl, hər kəs üçün əlçatan olan və şəffaf bir satış sistemini qura bilib.
Qaydalara görə hərracın keçirilməsini sifariş edən icra məmuru, onun təmsil etdiyi qurumun, hərrac təşkilatçısının və Portalın sahibinin, onun operatorunun əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və bütün qeyd olunan şəxslərin qohumları hərracda iştirak edə bilməz.
Düşünürəm ki, vətəndaşlar üçün də çox maraqlı və faydalı bir prosesdir.
Hərrac iştirakçıları bazar qiymətindən xeyli aşağı əmlak və maşın əldə etməklə həm daha uyğun şərtlərlə şəxsi ehtiyaclarını qarşılaya bilər, yaxud da qazandıqlarını sonradan satışa çıxarmaqla xeyli gəlirlər əldə edə bilər».