Bakı ərazisində fəaliyyət göstərən böyük əraziyə malik olan əmlak kompleksi 15 milyon manata yeni sahibinə satılıb.
Bələdiyyə torpaqları - HƏRRACA ÇIXARILDI - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışıni yekunlaşdırıb.
Uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşan müəssisənin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi avqust ayında elan edilmişdi.
Müəssisənin nizamnamə kapitalı 25 milyon manat təşkil edir, onun sahəsi isə 10,9 hektardır. Elandan məlum olur ki, müəssisənin yeni sahibi işçilərsiz və borcu olmayan obyekt əldə edəcəklər.
Bu ilin sentyabr ayında müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və Dövlət Xidmətinin məlumatına əsasən, daha əlverişli şərtlər təklif edən “Rafa Group” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Elanın şərtlərinə görə, qalib gələn investor əmlak kompleksinin alınması üçün dövlət büdcəsinə 14 700 000 manatdan az olmayan vəsait köçürməli, ümumi həcmi 10 milyon manatdan az olmayan məbləğdə İnvestisiya Proqramı təqdim etməli, azı 50 nəfərlik iş yeri yaratmalı idi.
Yeni investor bu şərtlərə əməl edəcəyini açıqlayıb. Belə ki, müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15 milyon manat vəsaiti köçürəcək, 5 il ərzində müəssisədə 10 milyon 800 min manat həcmində İnvestisiya Proqramı icra edəcək, istehsalı bərpa edəcək.
Proqram çərçivəsində investor tərəfindən müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması planlaşdırılır.
Bununla yanaşı, İnvestisiya Proqramı çərçivəsində müəssisədə ən azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.