Vergi Məcəlləsinə əsasən, beynəlxalq yükdaşıma - yüklərin daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Bəs bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin vergi öhdəlikləri necə müəyyən edilir?
Vergi Məcəlləsində sahibkarlar üçün - YENİ GÜZƏŞTLƏR - ƏTRAFLI
FED.az xəbər verir ki, suala “İATM Audit and Consulting” MMC-nin auditoru İlkin Lələyev nümunələr əsasında aydınlıq gətirir.
Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi
Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şəxslərin gəlirləri (mənfəəti) gəlir (mənfəət) vergisinə cəlb olunur. Həmin şəxslərin əldə etdiyi gəlirdən xərclər çıxılmaqla qalan mənfəət 20% dərəcə ilə gəlir (mənfəət) vergisinə cəlb edilir. Əgər bu şəxslər Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə cavab verərsə, gəlir (mənfəət) vergisi üzrə güzəştlərdən faydalana bilərlər.
Misal 1: Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən fərdi sahibkarın maliyyə ili üzrə gəliri 150.000 manat təşkil edib. Həmin gəlirin əldə edilməsi ilə əlaqədar gəlirdən çıxılan xərclərin cəmi isə 100.000 manatdır. Bu zaman sahibkarın il üzrə hesablanmalı olan gəlir vergisi 10.000 manat təşkil edəcək:
150.000 – 100.000 = 50.000 manat;
50.000 x 20% = 10.000 manat.
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Əgər həmin müəssisə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə cavab verərsə, gəlirin 75%-i vergidən azad ediləcək. Bu halda, dövlət büdcəsinə hesablanan gəlir vergisi məbləği 2.500 manat təşkil edəcək:(50.000 x 25%) x 20% = 2.500 manat.
Gəlir vergisi illik hesablanıb büdcəyə ödəniləcək.
Gəlirlərin ƏDV-yə cəlb edilməsi
Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicilərinin gəlirləri Vergi Məcəlləsinin 165.1.4.-cü maddəsinə görə ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Qaydaya əsasən, onlar ƏDV qeydiyyatına alınır, lakin bu fəaliyyətdən əldə etdikləri gəlir üzrə dövlət büdcəsinə ƏDV hesablanmır. Müvafiq qaydada ödədikləri ƏDV məbləğini isə əvəzləşdirmək hüququ saxlanır.
Qeyd edək ki, həmin şəxslərin digər fəaliyyətlər üzrə gəlirləri ƏDV-yə müvafiq qaydada cəlb edilir.
Misal 2: Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən fərdi sahibkarın maliyyə ili üzrə bu fəaliyyətdən gəliri 250.000 manat təşkil edir. Həmin şəxsin dövlət büdcəsinə ƏDV öhdəliyi 0 manat təşkil edəcək. Gəlirlər ƏDV-yə 0 dərəcə üzrə cəlb edilsə belə, müvafiq qaydada ƏDV hesabatı təqdim edilir.
Əmlak vergisi üzrə vergiyə cəlbetmə
Vergi Məcəlləsinin 199-cü maddəsi (azadolmalar) nəzərə alınmaqla, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər ümumi qaydada əmlak vergisinə cəlb edilir.
Misal 3: Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisinin balansında yükdaşıma fəaliyyəti üçün istifadə etdiyi nəqliyyat vasitəsinin ilin əvvəlinə qalıq dəyəri 100.000 manat, ilin sonuna isə 75.000 manatdır. Bu halda, həmin nəqliyyat vasitəsinə görə şirkətin əmlak vergisinin məbləği 875 manat təşkil edəcək:
100.000 + 75.000 = 175.000 manat;
175.000 : 2 = 87.500 manat;
87.500 x 1% = 875 manat.
Əmlak vergisi illik hesablanıb büdcəyə ödəniləcək.










