Vergi Məcəlləsinə növbəti dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılıb.
Eləcə də bax: Aksizli mallarla bağlı pozuntulara görə - cərimə məbləğləri - SİYAHI
FED.az xəbər verir ki, budəfəki sessiyada Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeniliklər 2023-cü ilin dövlət büdcəsi ilə birlikdə, gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Məcəlləyə dəyişikliklərin bir hissəsi aksizli və məcburi nişanlanmalı mallara aiddir və məcəllənin 13, 16, 23, 50 və 194-cü maddələrini əhatə edir.
Qanun layihəsi aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qanun qəbul edildikdən sonra Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları təsdiq ediləcək.
Bundan sonra isə həmin qaydalara uyğun olaraq Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin yaradılması nəzərdə tutulur. Sistemin yaradılması istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malikdir.
Aksizli məhsulların təqib edilməsi və izlənilməsi sistemi izlənilən məlumatların mübadiləsinə, malların istehsalçısı və idxalçısının rəqabətə davamlı mövqedə qalmasına imkan verir, məhsul brendinin müdafiəsinə, risklərin idarə edilməsinə, məhsul partiyasının geri çağrılmasına, məhsulların çatdırılma zəncirinin auditinə, yararlılıq müddətlərinə nəzarət edilməsinə, məhsul ehtiyatlarının idarə edilməsinə şərait yaradır.