Vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır. Ötən 5 il göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
Bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaqdır. Ölkənin yeni strateji inkişaf dövründə, iqtisadiyyatın davamlılığının təmin edilməsi, böyüməsi və artım sürətinin yüksəlməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticəyönümlüyü artmaqdadır.
"2023-cü ili Dövlət Vergi Xidməti üçün uğurlu bir il adlandırmaq olar. Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat daxilolma təmin edilib.
Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub." -deyə Orxan Nəzərli elavə edib.
"Qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Burada əsas xətt vergi qanunvericiliyindəki dəyişiklikləri qəbul edə bilən yeni administrativ xidmətlər yaratmaq, rəqəmsallaşma səviyyəsinin dərinləşdirilməsinə nail olmaqdır.
Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması üzərində də işləyir. Vergi inzibatçılığının rəqəmsallaşma hesabına sadələşdirilməsi, vergi məlumatların əlçatanlığının və keyfiyyətinin artırılması nəticəsində biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması və süni intellekt modulları əsasında informasiya sistemlərinin qurulması imkanları əsas hədəf istiqamətlərindən olacaqdır - deyə Orxan Nəzərli bildirib.