Bu ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3,11 mlrd. manatdan çox vəsait daxil olub ki, bunun da 2,85 mlrd. manatı dövlət büdcəsinə ödənilən vergilər, 925,6 mln. manatı isə icbari dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı 2 dəfədən çox - Artıb
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi daxilolmaları üzrə proqnoza 121,1% əməl olunub, proqnoza nisbətən 363,9 mln. manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 mln. manat çox vergi toplanıb.
Vergi daxilolmalarının 72,4%-i qeyri-neft sektorunun, 27,6%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.
Neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb. 2021-ci ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 mln. manat təşkil edib, proqnozlara nisbətən 136,2% icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 mln. manat artıq vəsait daxil olub.
Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% və ya 109,2 mln. manat artaraq 1,51 mlrd. manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2% icra olunub, proqnozdan əlavə 211,1 mln. manat vergi toplanıb.
Qeyri-neft sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir.
Cari ilin birinci rübündə qeyri-neft sektorunun özəl bölməsindən 1,1 mlrd. manat məbləğində vergi daxilolmaları təmin edilib, daxilolmalar 15,8% artıb. Özəl bölmənin qeyri-neft sektorundan ümumi daxilolmada payı 70,8%-dən 76,1%-ə yüksəlib.
Qeyri-neft sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1%, mənfəət vergisi üzrə 25,7%, gəlir vergisi üzrə 4,2%, sadələşdirilmiş vergi üzrə 9,4% daha çox vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1%, aksizlər üzrə 42,6%, mənfəət vergisi üzrə 11,2%, gəlir vergisi üzrə 3,6%, mədən vergisi üzrə 29,3%, torpaq vergisi üzrə 36,2%, əmlak vergisi üzrə 3,6% təşkil edib.
Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft sektorunda ƏDV, aksiz, torpaq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Qeyri-neft sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1%-ə, gəlir vergisi üzrə 18,1%-ə, aksizlər üzrə 6,2%-ə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.
Cari ilin birinci rübündə qeyri-neft sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9% üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5%), sənaye sektorunda (23,1%), xidmət sektorunda (15,7%), ticarət sahəsində (2,5%), digər fəaliyyət sahələrində (6,6%) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. (Apa)