Xəbər verildiyi kimi, 2024-cü ildə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.
FED.az-ın məlumatına görə, riskli vergi ödəyiciləri ilə bağlı da dəyişik nəzərdə tutulub.
Daha dəqiqi, yenilik belə vergi ödəyiciləri ilə əməliyyat aparan sahibkarlara aiddir.
Xatırladaq ki, indiyədək mövcud olan (hələ ilin sonunadək də qüvvədə olacaq) qaydaya əsasən, hər hansı «A» sahibkar digər «B» sahibkarı ilə əməliyyat apararkən, sonradan - bir neçə ay, hətta bir neçə il sonra – məlumat olurdu ki, «B» sahibkarı həmin əməliyyatdan sonra hansısa başqa səbəbdən riskli vergi ödəyicisi siyahısına daxil edilib.
Nəticədə onunla bu məsələdən əvvəl əməliyyat aparmış «A» sahibkarı da həmin əməliyyata görə riskli vergi ödəyicisi sayılır və onun da problemləri başlayırdı. Halbuki, «A» sahibkarı həmin əməliyyatı aparanda «B»nin adı heç bir yerdə riskli vergi ödəyicisi kimi keçmirdi. Nəticədə sahibkarlar güman etmədiyi halda problemlə üzləşirdi.
Vergi eksperti Anar Bayramovun sözləri ilə desək, sahibkar «mən haradan bilim ki, qarşı tərəf riskli vergi ödəyicisidir» halı yaranırdı:
«Təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi digər şəxsdən mal aldıqdan bir xeyli müddət keçdikdən sonra vergi orqanı malı alan tərəfi riskli vergi ödəyicisilərinin qrupuna daxil edir.
Səbəb kimi isə malı satanın sahibliyində belə bir malın olmaması və reallıqda belə bir əməliyyatın baş verməməsidir. Nəticədə vergi orqanı tərəfindən bu əməliyyat əmtəəsiz əməliyyat kimi xarakterizə edilir. Belə olan təqdirdə alıcı tərəf haqlı olaraq irad bildirir ki, «mən hardan bilərəm ki, bu malı mənə satan şəxsdə belə bir mal olmamışdır».
Qeyd edək ki, bununla bağlı çoxsaylı məhkəmə prosesləri var və bəzi hallarda sahibkarlar bu məhkəmələrdə Dövlət Vergi Xidmətinə qalib gəliblər.
Görünür, bunu nəzərə alaraq 2024-cü il üçün Vergi Məcəlləsində riskli vergi ödəyiciləri ilə bağlı dəyişiklik, daha dəqiqi, bu halın tənzimlənməsi ilə bağlı əlavə nəzərdə tutulur.
Belə ki, qanun layihəsinə əsasən vergi ödəyicisinin vəzifəsidir ki, digər şəxslərdən mal, iş, xidmət alarkən malı (işi, xidməti) təqdim edən vergi ödəyicisindən sahibliyində həmin malların mövcudluğunun, xidmət və işi görmək üçün işçi və digər resurslara, bilik və bacarığa malik olmasının, hətta maliyyə vəziyyətinin yoxlanılması məqsədilə müvafiq təsdiqedici sənəd tələb eləsin. Yəni yuxarıda misalda qeyd edilən «A» sahibkarı «B» sahibkarından mal alarkən, onlan həmin malın doğrudan da mövcud olması barədə əvvəlcədən məlumat tələb edə bilər.
Ola bilər ki, qarşı tərəf – yəni malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi “bu mənim şəxsi məlumatımdır, kommersiya sirrimdir” deyə bu məlumatı alıcıya təqdim etməsin.
O zaman qanun layihəsində nəzərdə tutulmuş digər dəyişikliyə əsasən malı (işi, xidməti) alan vergi ödəyicisinin hüququ var ki, bu məlumatı vergi orqanından alsın. Belə ki, vergi orqanına müraciət etməklə bu təsdiqedici sənədləri, məlumatları əldə edə bilər.