Xəbər verildiyi kimi, 2026-cı ildə Vergi Məcəlləsində bir sıra mühüm yeniliklər gözlənilir. Buraya vergi dərəcələrinin və vergitutma bazasının dəyişməsi, yeni yanaşmalar, inzibati nəzarət və sair məsələlər aiddir.
FED.az bu dəyişikliklərdəki əsas məqamları təqdim edir.
2026-cı ildən Vergi Məcəlləsinə vergi nəzarəti və onun formaları; uçota alınma və uçotdan çıxarılma qaydaları; elektron qaimə-fakturaların təqdim edilməsi; fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, amortizasiya ayırmaları; əlavə dəyər vergisi, aksizlər, əmlak, torpaq, yol və mədən vergiləri, sadələşdirilmiş vergi, “Fərqlənmə nişanı” almaq üçün tələblər və digər istiqamətlər üzrə mühüm dəyişikliklərin edilməsi planlaşdırılır.
-Dəyişikliklərdə Vergi Məcəlləsinə “üfüqi monitorinq” anlayışının əlavə edilməsi nəzərdə tutulur.
Üfüqi monitorinqin məqsədi vergilərin düzgün hesablanması, vaxtında və tam şəkildə ödənilməsinə nəzarətin daha müasir və effektiv formada həyata keçirilməsidir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində, monitorinq dövrləri üzrə — kameral və bəzi istisna hallar xaric olmaqla, səyyar vergi yoxlamaları aparılmayacaq. Yeni anlayışla bağlı monitorinqin keçirilmə qaydaları, predmeti, əhatə olunan şəxslər, vergi ödəyicisinin öhdəlikləri, monitorinqdən çıxarılma halları və maliyyə sanksiyaları ayrıca maddələrlə müəyyən ediləcək.
-Elektron qaimə-fakturanın təqdim edilmə müddətlərindəki dəyişikliklərə
əsasən isə, digər işlərin görülməsi və xidmətlərin göstərilməsindən fərqli olaraq, beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə elektron qaimə-faktura – daşıma xidmətlərinin başlanıldığı vaxtadək, müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə isə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir.
Avans ödənişləri barədə elektron qaimə-faktura –avansın alındığı gün deyil, həmin vaxtadək təqdim edilməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə də ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq orqan (qurum) tərəfindən təsdiq edilir.
-Fiziki şəxslərin gəlir vergisinə dair planlaşdırılan dəyişikliklərə əsasən,
neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan şəxslərin muzdlu işdən gəlirlərinə 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi tətbiq ediləcək və vergi dərəcələri mərhələli şəkildə artırılacaq. Verginin dərəcəsi 2027-ci il yanvarın 1-dək gəlir 2500 manatadək olduqda 3 faiz, 2500 manatdan 8000 manatadək olduqda 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olduqda isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi nəzərdə tutulub.
2027-ci il 1 yanvar tarixindən etibarən vergi dərəcələri müvafiq olaraq, 5 faiz, 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi müəyyən edilib. 2028-ci il 1 yanvar tarixindən isə qeyd edilən şəxslərin gəlir vergisinin dərəcəsi 7 faiz, 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi olması planlaşdırılır.
-Mənfəət vergisinin vergitutma obyekti anlayışına dəyişiklik nəzərdə tutulub.
Müvafiq orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər həmin vəsaitin məbləği vergitutma obyekti müəyyən edilib.
-Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması qaydaları nəzərdə tutulub.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır. İllik amortizasiya normalarının hesablanmasında azalan qalıq dəyəri və düz xətt metodundan istifadə edilməli olan aktivlərin siyahısı müəyyən edilmiş və bəzi əlavə və dəyişikliklər edilib.
-Xarici mənşəli balıq məhsulları 2022-ci il yanvarın 1-dən 5 il müddətində ƏDV-nin vergitutma obyektinin topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi olaraq müəyyən edilən kənd təsərrüfatı məhsullardan istisna ediləcək.
-Sadələşdirilmiş verginin dərəcəsində dəyişiklik edilərək, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə müəyyən edilib. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
-Sadələşdirilmiş vergi və ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.










