Vergi Məcəlləsinə son dəyişiklikdə təkmilləşmə aparılmış məsələlərdən biri də vergi borcuna görə siyahıya alınan əmlakın satışı ilə bağlıdır.
Eləcə də bax: Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı - ARTIRILIR
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergiödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüquqlarına aiddir. “Bundan öncə, borclu vergiödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və daşınar əmlakının satışı icra məmurları tərəfindən həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə səmərəli şəkildə ödənilməsi kimi qiymətləndirilmirdi. Buna görə də artıq məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergiödəyicisinin əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları yox, vergi orqanı tərəfindən həyata keçiriləcək”, - deyə ekspert bildirib.
İqtisadçı qeyd edib ki, Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 23.1.15-1-ci maddəsində üç mühüm məqama diqqət yetirilməlidir.
Belə ki, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə borcların alınması səlahiyyəti vergi orqanına verilib. Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergiödəyicilərinə qarşı ümumi qaydada borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılmasının qəbul edilməməsinə rast gəlinirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində, siyahıya alınmalı əmlakı olmayan vergiödəyiciləri üçün ümumi qaydada iddia ilə bağlı qərarlar çıxarılacaq.
Digər məqam ondan ibarətdir ki, daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satış Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə həyata keçiriləcək. Çünki həm Dövlət Vergi Xidməti, həm də Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ həyata keçiriləcək.
Vergiödəyicisinin siyahıya alınmış əmlakını da Auksion Mərkəzi satacaq.
Üçüncü məqama toxunan A.Bayramov diqqətə çatdırıb ki, daşınan əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə, 5000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçiriləcək.